Müstəqil.Az Ağstafada yaşayıb yaradan, tanınmış və sevilən şair Saqif Qaratorpağın şeirlərini təqdim edir:
Qoy ağrıyır,ağrısın…
Yavaş-yavaş alışırsan hər qəmə,
Adiləşir sol qolunun ağrısı.
Yavaş-yavaş gözdən düşür ömür-gün,
Deyirsən ki…
Ürəkdi də,qoy ağrıyır-ağrısın…
Qoy sevinsin qeybətini qıranlar,
Gülə-gülə gəl hamını yola ver.
Xatirələr göz yaşında durulsun,
Külə dönən ümidləri yelə ver!
Eh…kimə nə ağlayırsan,gülürsən,
Bəlkə elə unutmusan adını.
Bu gecə də tənhalıqdı qonağın,
Çıxardırsan darıxmağın dadını.
Açıq qalıb səhərəcən pəncərən,
Qəfil yağış pərdələri isladıb.
Gözlərinə düşən gündən oyandın,
Bu sabah da öz-özünü aldadıb…
Aman Allah,saat səkkiz otuzdu…
Di qaç görüm,birinci dərs başladı.
Səbrin çatmır bir stəkan çaya da,
Bu günün də heyif….çox nəs başladı…
Lap beləsə,kefini də pozma heç,
Dərd eləmə,keçib gedər hər nə var.
Təbəssümün işıq tutsun yoluna,
Ötəridir,keçəridir ağrılar…
Eh…bu gün də baş-başasan özünlə,
Bir az kövrəl,gəl özünü dilə tut.
Göz yaşınla buludları şad elə,
Kədərini çiçəyə tut,gülə tut.
Bu günü də bax beləcə yola ver,
Ötüb keçər bu dumanlar,bu çənlər.
Hər adamın sevinməyə haqqı var,
Qoy sevinsin inciyənlər,küsənlər.
…
Getməyə o qədər bəhanə var ki…
Getməyə o qədər bəhanə var ki!
Hərə bir bəhanə tapıb gedəcək.
Kimi yox olacaq səssiz-səmirsiz,
Kimi yarı yolda sapıb gedəcək.
Mənzil elə yaxın,yol elə uzaq,
Çatam,ya çatmayam yıxıla-dura.
Bir gül də bitirməz gözümün yaşı
Bir ömür axsa da bu boşluqlara.
Neynim…bir kimsədən umacağım yox,
Elə öz içimdə bitib gedərəm.
Bir qəfil yağışam gecəyarısı,
Susuz səhralarda itib gedərəm.
Hamı çıxıb getdi…sən də yubanma,
Yeri,sürü, apar ayaqlarını.
Gün doğar,səhərin mehi qurudar
Gecələr islanan yanaqlarını.
Yolunuz açıq olsun…
Günlər qoymur gün görəm,
heç bilmirəm hirsimi hara tökəm,öldürəm…
çıxmağa yerim də yox,
hərdən özümdən çıxım.
Qoy hirsimi,hikkəmi elə özümdən çıxım.
Qış günü gödək olur,
heç isitmir adamı…
Ürəyimdə islanmış,üşüyən ümidləri
sərəm günə,qurudam.
Könlümdə yaz həsrəti,
bu qışdan da keçərəm.
Bu qədim xarabada axtarıb su tapmasam,
göz yaşımı içərəm!
Mən bir sevda yolçusu,
lap əzəldən yoldayam…
Qoymuram köhnə yaram bir azca qaysaq tuta.
Göz yaşlarım quruyub,
min ildi ağlamıram…
halıma üzülməsin gendən baxıb gedənlər.
Sizi də saxlamıram,
yolunuz açıq olsun, məndən çıxıb gedənlər!
Darıxmağın sonu…
Yaman unutdum özümü,
Bu da karıxmağın sonu.
Sevgi etirafıdımı
Hər gün darıxmağın sonu.
Dərdimi qoymuşam dəmə,
Dolmuşam,bəndəm bir himə.
Özünə dönməkmiş demə
Özündən çıxmağın sonu.
Baxmaz dosta,yada ölüm.
Üzdüyüm son ada-ölüm…
Ya olumdu,ya da ölüm
Bir eşqdə axmağın sonu.
Gözünə dolmaqdı elə,
İçində somaqdı elə,
Ürəksiz qalmaqdı elə
Bir ürək yıxmağın sonu…