“YOXLUĞUNUN CAZİBƏ QÜVVƏSİ”-ŞAİRƏ AYSEL SƏFƏRLİDƏN YENİ ŞEİRLƏR

Müstəqil.az şairə AYSEL SƏFƏRLİNİN şeirlərini təqdim edir:

PAYIZ FƏSLİYƏM

Durdum arzularımla üz-üzə
Öpdü yanağımı
Göz yaşlarım..
Bu yaşam savaşında
Ömrüm hey yenilmiş,
Bitgin,
Ruhum hey yaralı..
Həsrətinə sancılmış
Baxışlarım..
Tutdum
Ümidlərimin
Bumbuz əllərindən,
Küsdü dodaqlarımda təbəssüm,
Ömür yarpaqlarım saralıb…
Söylə,
Nə deyim
Bu qisməti yazana?
Sevdiyim,
Sənə olan
İlahi sevgimin
Gözlərindən öpüb
Gedirəm xəzana,
ARTIQ PAYIZ FƏSLİYƏM!….

 YOXLUĞUNUN CAZİBƏ QÜVVƏSİ…

Hər keçən
Bir qanun yazdı bizə,
Maddəsi ağır gəldi cismə.
Bir düsturu olmadı
Bu eşqin…
Zamanın çərçivəsi
Dar gəldi
Ömrümüzə..
Ruhum elə daşlaşdı ki,
Bir enerji daşınması
Belə dolmadı içimə.
Beləcə yaşayırıq,
Qəbul edilməz
Həyat fəlsəfəm,
Fizikam qanunsuz,
Hesabımın həlli yox..
Həsrətinin cümlə təhlilində
Zəifəm,səhvəm.
Mübtədamın
Xəbəri çox,
Ömrüm
Kimyəvi məhlulların içində
İntihar edir,
İndi
Yoxluğunun cazibə qüvvəsi
Məni
Dünyadan çıxmağa
Məcbur edir…

 İNAN….

Inan heç tenha olmuram,
Qarşımda bir “mən” dayanır.
Öz içimdə yatan ruhum,
Gecə gözümdən boylanır.

Dərdlərimə kətil qoyur,
Deyir;oturub dincəlin.
Verdiyiniz həyəcanın,
Sayəsində mən incəlim.

Bir dilim həsrət doğrayım,
On damcı qəm süzüm suya.
Xəstə,halsız ümidləri
Beləcə verim yuxuya.

Bölüm ömrün əzabların
Yaşımın hər bölməsinə.
Zaman vaxtı taxıb qola,
Nə qalıb ki ölməsinə.

Beləcə deyiləm yalnız,
Təkliyin içində çoxam.
Deyiləm zalım dünyalıq,
Var ikən itmişəm,yoxam.

Gecənin gözündən axsın,
Yuxunun gördüyü film.
Cəhənnəmin alovuna
Gəlin olmada buz ölüm.

AYSEL SƏFƏRLİ

Share: