Dilimizdə hər adama aid etmədiyimiz “Adam kimi adam” ifadəsi var. Seçib sonalayıb tam etibar edib güvəndiyin, üstünə getsən səni əliboş geri qaytarmayan birinə deyərsən bu sözü…
Mən Faiq müəllimi feysbukdan şair-yazıçı-jurnalist kimi tanıdım amma insan olaraq tədbirlər zamanı ünsiyyətdə olarkən daha yaxşı bələd oldum. Bacardığı qədər gənclərə dəstək olmasındanmı danışım, insan olaraq yüksək keyfiyyətləri olmasındanmı danışım, bilmirəm.
Onun “Bayıldan bayıra” kitabını oxuyanda anladım ki, bəzi insanlar göründüyü kimi olmurlar. Bəzən o insanların iç səslərini eşidəndə qulaqların batıb zəhrin çatlamasın deyə qulaqlarını tutursan bu görünən daş heykəllərin içindəki hayqırtılardan…
20 Yanvar faciəsi haqqında xatirələrini oxuduqdan sonra Faiq müəllimin ürəyinin əməliyyat olması səbəbini anladım. O günlərə birbaşa şahidlik etmək yükünü o ürək haracan daşıyıb apara bilərdi ki içində?!
Peşəkar gəmi kapitanı kimi dənizə açılan bu şair-yazarın mavi suların qoynunda yaranmış neçə-neçə kitabı ərsəyə gəlib. Sevimli dənizinin adını səfərdən sonrakı ayrılığa dözməyib nəvəsi Dənizə verib. Və beləliklə bütünlüklə Dənizlə birləşib.
Faiq müəllimi mən belə xarakterizə edərdim. Bəlkə də müqayisəm qəribədir, illər öncə Mayn Ridin “Başsız atlı” kitabını oxumuşdum. Orda Zeb Stump adlı dünyanı vecinə almayan, ətrafına laqeyd kimi görünən, sadəcə ovçuluqla məşğul olan bir obraz var. Lakin sonunda dostu Moris Ceraldın başına gələnlərdə nə qədər məşəqqət çəkərək onun qatil rolundan çıxması üçün verdiyi mücadilədə qarşımızda çox ağıllı, səbirli, müdrik bir portretlə qarşılaşırıq.
Faiq müəllimin də gülər üzünün, yumorlu danışıq tərzinin altında gizlənən, əslində isə həyatın, dənizin tufanlarından, məhbəsin acı təcrübələrindən dərs almış, böyük imtanlardan çıxmış bir insanın portreti var.
Altmış il həyatın və insanların hər üzünü görmüş biri üçün dünyanı anlamaq çətin deyil.
Faiq müəllim bu həyatı da, dənizi də çözmüş… Və anladım ki, qarşımızda daşıdığı ömrün artıq heykəlinə çevrilmiş Yubiley Adam var…
7 Oktyabr 2024.