Yüksək mənəvi keyfiyyətlər və fitri istedadın vəhdəti kəsin taleyinə yazılan bir ömür yolu var. Və hər kəs bu yolda öz təyinatını icra edir. Kiminsə səhv bildiyi təyinatın əsl mahiyyətini isə Tanrıdan savayı heç kim bilə bilməz. O da öz təyinatını icra edir…
Əsilli-köklü adamdır. Köhnə kişilərə xas olan keyfiyyətləri çoxdur. Artıq danışmaz, kiminsə qeybətini etməz. Nadanlardan uzaq durub, zəruri bildiyi yerdə görünməyə səy göstərər…
Yüksək ədəb, əxlaq sahibidir. Həmsöhbətinə o qədər iltifat göstərər ki, çiynindəki mələklər də sevinər. Davranışında, hərəkətlərində bir kübarlıq var. Bütün bunlar ona həm məxsus olduğu gendən gəlir və həm də aldığı ailə tərbiyəsindən. Onun siyasi baxışları, hansı partiyanı təmsil etməsi elə də önəmli deyil. Hansı mükafatlara, titullara layiq görüldüyü də yəqin ki, Tanrı qarşısında əhəmiyyət kəsb etmir. Önəmli olanı odur ki, sözün əsl mənasında fitri istedada malikdir, necə deyərlər, mayası poeziyadan yoğrulub…
Rəhbərlik etdiyi kollektivdə çalışan əməkdaşlarından biri deyir ki;- “Demokratik idaretmə bacarığına malikdir, məsələn bizimlə dost kimi davranır, sərbəst iş rejimi yaradıb. Bundan sui istifadə halları da yoxdur. Hər kəs bundan sui istifadəni özünə ayıb bilir”…
Xeyli şeirləri var, gözəl poeziya nümunələri yaradıb. Onları oxuduqca mənəvi zövq alırsan, ruhun dincəlir:
Ya Rəbb, deyəcəyim söz də qalmadı,
Nə mən danışanam…
Nə sən duyansan.
“Ömürdü, həyatdı…”,- dedim,
Olmadı-
Hər nədir, adını özün qoyarsan.
Neyləyim, verdiyin su ömrü deyil
Yağışda danışım, seldə danışım.
Ya mənim dilimdə yaz taleyimi,
Ya da…
Sən bildiyin dildə danışım…
Göy üzü yorulub dualarımdan-
Bəlkə süzgəçindən keçmir, İlahi?
Mən hər gün ömrümün son baharından
Köçürəm,
Vücudum köçmür, İlahi.
Nə hesab soranam, nə hesab yazan-
Varlığım kimsəyə qənim ki deyil.
Daha yol qalmayıb
Yolundan aza-
Bu sənin dünyandı, mənimki deyil...
Ensklopedik bilik hər insana nəsib olmur. Ötüb keçənlərdən, müxtəlif sahələrdən məlumatlı olmaq insandan yorulmadan mütaliə, geniş dünyagörüşü tələb edir. Onun daxili aləminin zənginliyi bu gün yaşadığı mühitdən daha gözəldir. Az qala deyəcəkdim ki, o, bu dünyaya gərək yüz il bundan sonra gələydi…
Haqq yazıb sədəfdən alın yazımı,
Sədəf altındakı dürrdəyəm, dədə.
Varmıdır bu ömrün səndə yozumu?
Sonu bilinməyən sirrdəyəm, dədə.
Bir ismi pünhanam, ismim açılmaz
Yüz il də desinlər “sim-sim”, açılmaz.
Sinəmin ustündən tilsim açılmaz,
Sinəmin altında- pirdəyəm, dədə.
Haqdan yol azan kəs yol dışındadı-
Nəfsi verim-alım savaşındadı…
Dünya ölüm-qalım savaşındadı
Mən elə durduğum yerdəyəm, dədə…
Bəli, sizinlə şair Elçin Mirzəbəyli haqqında danışırdım. Avqustun 12-si Elçin bəyin 56 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram.
Elman Eldaroğlu