Müxalifət Aleksis Tsipras başda olmaqla, Yunanıstan hökumətini istefaya göndərə bilməyib. Yunanıstan parlamenti şənbə günü etimadsızlıq votumunu rədd edib.
Müxalifət kifayət qədər səs toplaya bilməyib. Yunanıstan Kommunist Partiyası səsvermədə iştirak etməyib. Səsvermənin nəticələri hələ ki, rəsmən elan olunmayıb.
Hökumətin istefaya göndərilməsi təşəbbüsünün əvvəlcədən iflasa uğrayacağı məlum idi. Belə ki, Tsipras hökuməti parlamentdəki 300 yerdən 154-nə sahibdir. Hökumətə etimadsızlıq göstərilməsi məsələsi üzrə prosedur cümə axşamı günü başlamışdı və bu, hökumətin Makedoniya Respublikasının adının dəyişdirilməsinə razılıq verməsi ilə əlaqədar olaraq gündəmə gəlmişdi. Müxalifət hesab edir ki, qonşu ölkənin Şimali Makedoniya Respublikası adlandırılmasına dair saziş milli maraqlara zərbə vurur.