Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası 2023-cü ilin nəticələrinə görə Azərbaycan təmsilçilərindən həmin Akademiyanın “Türk Dünyasında İlin Ziyalısı” Beynəlxalq Diplomu və “Qızıl Ulduz” Medalı ilə təltif edilmək üçün namizəd istəyib.
Müstəqil.az Olaylar.az-a istinadla xəbər verir ki, müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin inkişafındakı xidmətlərini nəzərə alaraq, hər iki nominasiya üçün Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, yazıçı-publisist Yunus Oğuz namizəd seçilib.
Qeyd edək ki, məlumatı Azərbaycan Təmsilçisi Elçin İskəndərzadə bildirib və yazıçıya fəaliyyətində uğurlar arzulayıb.
Xatırladaq ki, Yunus Oğuz onlarla tarixi romanlar müəllifidir və əsərləri dünyanın 20-dən çox ölkəsində dərc olunub. Dünyanın bir çox ölkələrində mükafatlara layiq görülüb.
Romanları Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatada, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib.