Müstəqil.Az şair Şəhla Vahid Hacıyevanın facebook sosial şəbəkəsində işğaldan azad olunmuş kəndinin və evinin şəklini gördükdən sonra paylaşdığı duyğuları və şeiri təqdim edir:
1993-cü il 23 avqust və 2020-ci il 27 dekabr..
Gözüm önündə doğulduğum,dil açdığım,yeridiyim evin yanıb külü qalmış şəkili..bu 27 illik zaman arasında əsir-yesir qalmışam.Sevinsəm sevinc deyil,ağlasam kədər deyil..bu duyğunun adı nədi bilmirəm.
Hər şeyi xatırlamağa çalışıram..
Yaddaşım bu ev kimi uçub,yanıb dağılıb sanki..
Bu an yadıma tək bir gün düşür ancaq.Son dəfə həyətimizdə telefon dirəyinə sarılıb “Mən evimi düşmənlərə qoyub getməyəcəm” deyib üsyan edən nənəm və nənəmin dizlərinə sarılıb ağlayan o qorxmuş uşaq – Mən.
Başqa heç nə xatırlaya bilmirəm.
O həyətdəki telefon dirəyinin yarıdan çoxunu kəsib aparıblar.Elə bil o dirəklə bərabər nənəmin əllərini,başını da kəsiblər.Təkcə ayaqları qalıb,ayaqlarına sarılıb hönkürə-hönkürə ağlıyıram.
Evin önündəki tut ağacları da yoxdu.Hər tut mövsümündə günəş şüalarından gözünü qıyıb aşağı əyilmiş budaqlarından tut dərib yeyən nənəmin üzündəki gülüşü də kəsiblər..
Düşmənlərin vəhşiliyindən,düşdüyü bu halından utanırmış kimi başını aşağı dikib sanki bu ev..
İlk dəfə idi sənin öldüyünə sevindim nənəm.Daşını ətəyində daşıyıb,suyunu çiynində səhənglə gətirib tikdirdiyin o ev..12 pilləkəni hər gün sevinə-sevinə çıxıb düşdüyün,hər daşında əlinin qabarı olan o evinin bu vəziyyətini yaxşı ki görmədin,yaxşı ki olanlardan xəbərin yoxdu.
O uçuq evin görünüşü ürəyimi ağrıtsa da,dünyada ən müqqədəs yer,ən dəyərli hədiyyədi indi mənim üçün..
***
Bu həyət kimin idi? yol itib,cığır itib,
Sönmüş ocaqlar üstdə şeytan ağacı bitib.
O bəxtəvər günlərin üstündən illər ötüb,
Yurd həminki yurd yeri,kənd həminki kənd deyil.
Ağaclar kəsilibdi,meyvəsi dərilməmiş,
Yarpağı xəzəl olub torpağa sərilməmiş.
Pöhrələr budanıbdı çiçəyi görünməmiş,
Yurd həminki yurd yeri,kənd həminki kənd deyil.
Tutulmamış neçə yas,çalınmamış toy qalıb,
Bağlanmamış xonçalar,alınmamış pay qalıb,
Ot basmış qapılarda arzular boy-boy qalıb,
Yurd həminki yurd yeri,kənd həminki kənd deyil.
Dərin səngərlər qırıb dərələrin belini,
Güllələr yaralayıb açılmamış gülünü.
Mərmilər sovurubdu göy üzünə külünü,
Yurd həminki yurd yeri,kənd həminki kənd deyil.
Boynu bükük olubdu o yerlər bizdən ayrı,
Bulaqlar kövrəlibdi gəlindən-qızdan ayrı.
Biz də xoş gün görmədik,illərdi sizdən ayrı,
Yurd həminki yurd yeri,kənd həminki kənd deyil.
Gəl qaldıraq,qibləsin itirmiş baş daşların,
Bağlayaq bu evlərin açıq qalmış başların.
Təzələyək yurd yerin,el-oba yaddaşların,
Yurd həminki yurd yeri,kənd həminki kənd deyil.
Şəhla Vahid Hacıyeva
Müstəqil.Az