Yuvasının sökülməsini arzulayan yeganə canlılar Bakıda yaşayır…

Yuvasının sökülməsini arzulayan yeganə canlılar Bakıda yaşayır…

Problemlərimiz də coğrafiyamıza oxşayır, əlvan. Bazar düzü 4466 metr, Xəzər dənizi -28 metr. Bu enişli-yoxuşlu regionda başımıza gələnlər də olduqca özəl şeylər olur.

Məsələn, indi bir cümlə yazacam, bu cümləni oxuyan kimi ağlınıza başqa səbəb gələcək.

“Bakıda minlərlə ailə var ki, evini təmir edə bilmir”.

Bəli, haqlı olaraq düşündünüz ki, söhbət sosial durumdan gedir. Ancaq demək istədiyim bu deyil, sosial durum səbəbindən evini təmir edə bilməyənlərə gəlsək, rəqəm şişər.

Dediyim minlərlə ailə tamam ayrı səbəbdən evlərini təmir edə bilmir. Onlar düşünür ki, binaları plana düşəcək, evlərini sökəcəklər və onları daha yaxşı təmir olunmuş yeni göydələndə mənzillə təmin edəcəklər.

Yuvasının sökülməsini arzulayan, bəlkə də, yeganə canlılar Bakıda yaşayır. Şəhər rəvayətlərinin çin olacağı günü gözləyərək köhnə otaqlarda ömrünü başa vuran minlərlə insan məzarı var bu şəhərin kənarlarında.

Evinin sökülməyini gözləyən ailələr hər səhər oyanıb gözlərini açan kimi tavana baxır, köhnə tavanı görən kimi ağıllarına həmin əfsanə düşür: “Uje, prospektən bu yana keçiblər, sökə-sökə gəlirlər, 1-2 ilə bizə də növbə çatacaq”.

İllərlə növbədə durub aldıqları o xudmani evlərin sökülməyini gözləyənlərin dərdi dəhşət saçır. 

Uşaqlar var ki, onlar küçədə tumuşla oynadığı vaxtlarda xalalardan eşitdikləri “deyirlər, binamızı sökürürlər” cümləsini özüylə böyüdüb, ona toy da edib, indi həmin cümlənin uşaqları həyətdə bəzəkli samakatlarda şütüyür – bina sökülmür ki, sökülmür.

Qınanmalı da deyil, bina bir gün söküləsi olsa, kimsə durub öz evini saxlaya bilməyəcək, nə qədər baha satmağa çalışsa da, sonda hamı necə, o da elə, binadan çıxıb içində ağlı-qaralı günlər yaşadığı evinin sökülməsinə tamaşa etməli olacaq. Nə zamansa söküləcəyi evi təmir etməyəsə, kiminsə əli gəlmir.

Bir vaxtlar “Bakı indi nəhəng bir tikinti” meydanını xatırladır sözləri paytaxtımıza başucalığı gətirirdisə, indi ürək bulandırır. Bu, tikintibazlıq şəhərin mərkəzindən bilmərrə rədd olmalıdır. Bakı balaca şəhər deyil və dünyada klassik bir namı var.  Bakının da siması “dəmir zürafələr”dən, toz torpaqdan təmizlənməlidir. Bir yerdən sonra şəhərdə böyük tikinti işlərinə “stop” demək lazımdır. Nədi, odu! Tikilən tikildi, sökülən söküldü! Bakı bundan ibarətdir. Tez-tez sima dəyişmək şəhərlərə də yaraşmır.

Yaxud çox vacib tikinti, söküntü işi yarananda, inkişaf etmiş ölkələrdə ilk iş söküləcək binanın maketini hazırlamaq, söküntü işini bu maketlə maskalamaq olur. İnanın, maska o qədər inandırıcı hazırlanır ki, turistlər oradan keçəndə həmin maketin içində bir tikintinin getdiyindən xəbərsiz olur. Bəşər övladının əhvalını pozan ən ağır mənzərələrdən biri tikintidir.

Təbii, nəhəng tikinti işlərinə stop sözünü eşitmək Bakının və bakısevərlərin köhnə arzusudur. Bu yazının qayəsi isə evinin sökülməyini gözləyən insanlardır. 

Bu və ya başqa səbəbdən təmir olunmayan evlərdə doğulan uşaqların, universitetə hazırlaşan şagirdlərin, can verən qocaların adından söküntü layihələrinə icazə verən qurumlardan acizanə bir xahiş edirəm: 

Evi söküləcək, sökülməyəcək ailələri bir neçə il əvvəldən planlarınızdan xəbərdar edin. Planda olan binalarla bağlı mətbuata dəqiq rəsmi açıqlama verin.  Əhalidən əvvəl pulu, tası, öz mənafeyinizi düşünməyiniz bağışlanıb, heç olmasa, insanları mişar daşından, “rastvor”dan, “şpakel”dən, şaquldan əvvəl düşünün.

Sizə şaqul vacibdir, çünki siz bina tikirsiz, ancaq o binalarda yaşayan uşaqlar ölkənin gələcəyini inşa edəcək! Ölkənin düzgün vertikal vəziyyətini həmin binalarda böyüyən uşaqlar təyin edəcək. 

Sərdar Amin, 

xüsusi olaraq “Qafqazinfo” üçün

 


Share: