Bir bülbülün taleyindən qopan simi dindirirəm…
Dindirirəm, dinmək nədir, naləsini dinləyirəm…vərəq-vərəq, misra-misra izləyirəm, dindirirəm…Yaman küsüb könül sazın… küskünümü izləyirəm…düşünürəm, necə yazım, necə deyim, ötənimdən, dünənimdən bu söhbəti neçə açım, inciməsin, inciməsin könül simin, ey nakamım, ey bülbülüm, ruhu nəğmə, əli qələm, könlü Vətən, yolu sevgi…niyə bitdi, belə erkən?…
Yox, bitməyib, bitməyəcək, belə könül sahibinin ömür yolu, gül nəfəsi, xoş ətiri, təranəsi, nəğmə-nəğmə dolanacaq, yad edilib oxunacaq, anılacaq. Anılacaq onun yolu, o yol adi bir yol deyil, o yol yurdun xilas yolu!
Yazmaq istər könül onu… hər anını, həyatını yazım deyə, anlatım mən bu ellərə, bu cahana… necə də, bir igid oğul, verib ana bu torpağa! Necə deyim, necə öyüm könül sazın…? Sən nəğməkar bülbül idin, sənsiz nəğmə neçə çalım???
Sankı, qopub sazın simi, inləyir o, çalmaq olmur, hey çalışdım, sirrin bilim, o dinmədi…
Sənsiz ötən bu illəri çox sordum mən, sirr vermədi… dönüb baxdım Girdimana… axan sular haray dedi… harayında duydum səsin… ey nəğməkar oğul, sənin, könül səsin…
Ruhuna olsun ərməğan, bu yazımı ithaf etdim…
Bədirə RZA Həsənqızı
Hekayə
(Şəhid Mikayıl Yaqub oğlu Vahabzadənin əziz xatirəsinə)
…Axşamdan yağan qar hələ də dayanmamışdı. Bir qədər azalsa da, yağmaqda davam edirdi. Kəndin az qədər çınqılla örtülmüş maşın yolu tamam bağlanmışdı, çox çətinliklə cığır açaraq məktəbə gedən uşaqları yola salan valideynlər əllərində bel yolu müəyyən qədər təmizləməyə çalışırdılar.
Kənddə yaşamaq əsl fədəkarlıq tələb edir. Çünki burada zəhmət çəkmədən nəfəs almaq mümkün deyil. Hər aldığın nəfəsin zəhmətini çəkməlisən. Həqiqi mənada təbiətlə müqavilə bağlayıb, həyatını sığortalamalısan.
Yay aylarında nə qədər səfası, gözəlliyi göz oxşayırdısa, qış aylarında bu yolların cəfası çox olurdu. Dağlar əhatəsində yerləşən bu qədim yurd yeri, bəylər kəndi olan, öz adət-ənənəsi ilə, tarixən mədəniyyət beşiyi olması ilə fərqlənən Maçaxı idi. Tırxa dağının ətəyində, Girdiman çayı sahilində yerləşən bu gözəl məkanda təxminən 50-60 ailə yaşayırdı.
Kənddə əhalinin az olması da bir sıra çətinliklər yaradırdı. Belə ki, burada tam orta məktəb olmadığından uşaqlar ibtidai təhsili bitirdikdən sonra qonşu kəndə getmək, oradakı natamam orta (9-illik) məktəbdə təhsillərini davam etdirməli olurdular.
Macaxı kəndində ibtidai təhsilini başa vuran Mikayıl da, qardaşı ilə birlikdə qonşu Tircan kəndindəki natamam orta məktəbdə təhsil alırdı. Hələ qarşıda nə qədər ümidlər, ümidlərə doğru belə şaxtalı- qarlı günlər vardı… Havanın soyuq olmasına baxmayaraq dərsdən qalmaq olmaz,- deyə, tezdən yola çıxmışdılar, Mikayılla Rüfət. Mikayıl, 1993 –cü ildə, Rüfət isə 1994-cü ildə dünyaya göz açmış, ailənin sevincinə sevinc qataraq ümidli gələcək bəxş etmişdilər…
Mikayıl ata babasının adını daşıyırdı. Ata babası Böyük Vətən müharibəsi illərində döyüşə getmiş və qəhrəmancasına döyüşərək Vətən yolunda canından keçmişdir. Yaşatmaq, ulularımıza ehtiramı qorumaq xalqımızın əzəli və əbədi adətidir. Eləcə də, ulu babanın xatirəsinə ilk nəvəyə Mikayıl adı vermişdi böyüklər. Bəzən adlar talelərə təsir edir deyirlər. Sanki, bu uşaq da qardaşından çox cəhətcə fərqli düşüncəli, fərqli xasiyyətli idi…
-Səncə, mən bu gün neçə qiymət alacam?-qaqa, -deyə, Mikayıl yaşca özündən kiçik olan qardaşından soruşdu. Həm də, bir az yolda həvəslə getsinlər deyə, sanki bir körpü qurmağa çalışırdı.
-Sən çox bacarıqlısan, qardaşım, yəqin ki, yenə hamsından “əla” alacaqsan.
-Hə, yaxşı hazırlaşmışam, inşAllah, qardaşım, sən də eləsən, tək mən yox, yoxsa ki, bu soyuq havada boşuna getmirik ki, bu ..
-Deyirəm ki, Mikayıl, biz 2 ildən sonra bu məktəbi də bitirrib, Yeni yol kəndində 10 və 11 –ci sinifləri oxumalıyıq. Bu illər əsl çalışqanlıq dövrü olmalıdır…
-Hə, elədir, Rüfət, ondan da sonra ali məktəb. Kaş qismət olsun, inşAllah.
-Mən hiss edirəm ki, sən mütləq ali məktəb tələbəsi olacaqsan, Mikayıl, müəllimlər səndən çox razılıq edirlər, sinifdə də fəallığın görünməkdədir.
-Bilirsənmi, mən bütün qüüvəmlə çalışram ki, valideynlərimiz sevinsin, onlar oxumağımızı çox istəyirlər. Hələ, Ma … lap çox arzu edir ki, mən müəllim olum. Bilirsənmi, hərdən ibtidai sinifdə oxuduğumuz günlər düşür yadıma. Ağayusif müəllimin tapşırdığı sözləri çox xatırlayıram. O çox yaxşı müəllim idi. Həm də, çox məlumatlı insan idi. Hələ mənə ağacları necə calağ etməyi də öyrətmişdi. Qışın sön həftəsində bağda təcrübə edəcəyəm öyrəndiklərimi…
-Hə, Mikayıl, düz deyirsən, çox məlumat vermişdi bizə, yadımdadır deyirdi ki, hələ XIX əsrdə, dayan-dayan… ili neçə idi, hə… hə… yadıma düşdü, deyirdi ki, 1847-ci ildə bizim kəndimizdən olan maçaxalı Zülfüqr bəy, İngiltərədə yetişdirdiyi çəltik növünə görə Qızıl medal almışdır.
-Elə deyirdi, neçə illər bundan əvvəl insanlar bu qədər öyrənə biliblərsə, deməli, biz daha çoxunu öyrənməliyik.
-Düz deyirsən, tarix müəlliminin sözləri necə? Yadındamı, ermənilərin bizim kəndimizdə necə vəhşiliklər ediblər, məsciddə insanları necə yandırıblar…çox hadisələr olub…eh…
-Heç o tarixləri unutmaq olar? Hamısı yadımdadır…Çatırıq məktəbə, bu gün yol tez keçdi ha…Qar da dayanır deyəsən …
Beləcə qayğılı günlər ötməkdə idi..Yaş üstünə yaş gəldikcə Mikayıl ailənin qayğılarını daha çox düşünür, dərslərini yaxşı oxumaqla yanaşı ev işlərində də valideynlərinə yaxından kömək edir, ailənin ilk övladı kimi məsuliyyəti demək olar ki, tamamilə öz üzərində duyurdu.
Artıq üçüncü məktəb idi ki, təhsilini davam etdirirdi Mikayıl qardaşı ilə birlikdə. Yeni yol kəndində 11- illik təhsili başa çatırdı. Buraxılış imtahanları bitmək üzrə idi. Qəbul imtahanlarına az qalırdı. Neçə illik əziyyətin, üç orta məktəb təhsilinin, hazırlıqların nəticəsi olmalı idi. Mikayıl çox darıxsa da, içində inam hissinə güvənir, öyrəndiklərinin köməyinə çatacağına ümid edirdi.
Mikayılın intizarla gözlədiyi gün – ailənin də, özünün də həyatında ən xoş gün kimi yazıldı ömür salnaməsinə, yaddaşlara hopdu xoş sədası… 2011-ci ilin avqust ayı nəhayət ki, qəbul imtahanlarının nəticələri açıqlandı. Ailədə hər kəsin sevinci yerə-göyə sığmırdı. Mikayıl tələbə adını qazanmışdı. O, Sumqayıt Dovlət Universitetinin Fizika və Elektroenergetika fakultəsinə qəbul edilmişdir.
Kimin çox sevindiyini bilmək çətin olsa da, ananın sevinci bir başqa idi. Sanki, yerə-göyə sığmırdı. Üzündən-gözündən xoşbəxtlik nürü bərq vururdu, o, Mikayılın tələbə adını qazanmasına çox sevinirdi. İnanırdı ki, oğlunun gələcəy xoşbəxt günləri qarşıdadır. Mikayılın bu uğuru atasının da anasının da onun xoş gələcəyinə ümidini, inamını daha da artırmışdır.
“Tələbə həyatı bir başqa aləmdir”- deyə, Mikayıl düşünürdü. Bu şəhər yaşadığı kənddən çox fərqli idi. Amma burada qazandığı dostlar, müəllimlərlə səmimi ünsiyyət sanki az vaxtda onu xeyli irəli aparmışdı, elə bil az zamanda necə deyərlər çox böyümüş, daha da müdrikləşməyə doğru addımlamışdır…
Artıq bir neçə gün idi ki, ilk semestr imtahanlarını uğurla verən Mikayıl evə qayıtmışdı. Bəli, Mikayıl artıq tələbə kimi qayıtmışdı doğma kəndlərinə. Nə qədər fərəhli gün idi. Mikayılın hər işə olan marağı onun az vaxtda ali məktəb müəllimlərinin də gözündə ucaltmışdı. Dərslərini əla qiymətlələ oxuyan Mikayıl atasına kömək olsun deyə, dərsdən sonra da işləyidi. Ana ürəyi nə qədər nigaran qalar ki, balasından …Bir həyat boyu nigaran qalar, yenə yorulmaz övladından. Doymaz nigarançılıqdan, təki sonda xoş xəbəri alsın…
Rumiyyə ana da, hər gün Mikayılla telfonda danışarkən, dərslərindən geri qalma, ha…- deyə, öyüdlərini azaltmazdı. Mkiayıl da onun narahat olmasını istəməzdi:
-Sən heç nigaran olma, Mama, dərslərimi də “əla” hazırlayıram, işimə də gedirəm. Məndən nigaran olmayın,- deyirdi.
Ana nigarançılığı Mikayılın doğum günündə müəllimlərin Mikayıla olan telefon zəngindən təsəlli alır, ona olan təbrik sevinclərini ürək dolusu fəxrlə seyr edər, fərəhlə oğlunun qazanıdığı hörməti izləyərək, atası, qardaşı Rüfətlə birlikdə sevinər, şükür edərdi.
-Nə yaxşı ki, Mikayılım belə hörmət qazana bilib, – deyərdi.
Tələbə həyatının öz şirinliyi, çətinliklə olsa da, öz fərqli dadı var idi. Mikayıl ilk günlərdən dərslərinə qarşı çox diqqətli olaraq, fəallığı ilə müəllimlərinin diqqətini, daha doğrusu rəğbətini qazana bilmişdir. Dərslərini əla qiymətlərlə oxuyan Mikayıl, dərsdən sonra işləməyinə baxmayaraq öz şəxsi duyğularına da zaman ayırar, onları qələmə almağa çalışardı. Onun şair təbiətli olması, səmimiyyəti, ünsiyyətcil olması ətrafında olanların da rəğbətinə səbəb olurdu. İlk şerini hələ məktəb illərində yazsa da, indi daha gözəl yazdığını hiss edirdi, yenə sabahkı dərslərini bitirib şeir dəftərinə baxdı. Misraların sırası artmaqda idi…
Çoşqun duyğuları isə sonsuz dərya …
Qərənfil
Şəhid qanı bulanıbdı üstünə,
Qan içində boğulmusan, qərənfil.
Səpilirsən Şəhidlərin büstünə,
Bəxti qara doğulmusan, qərənfil.
Şəhid qanı müqəddəsdir, qəm yemə,
Bununla fəxr etməlisən, qərənfil.
“Gərək düşməyəydim bu günə”,-demə
Azadlq rəmzisən gözəl qərənfil.
Bəzi güllər dünyanın bəzəyidir,
Mənim üçün gözəl sənsən, qərənfil.
Sənin adın Şəhidliyin özəyidir,
Bizim üçün müqəddəssən, qərənfil,
Azadlığın rəmzi sənsən, qərənfil.
Şeri bitirib gözləri yol çəkdi. Şəhər həyatı onu heç də sevdiklərindən uzaqlaşdıra bilməzdi…
– Atamın ad günü var qarşıda. Gözəl bir hədiyyə düşünməliyəm. Sabah, mütləq…bu barədə… dərs bitən kimi….
Səhəri gün dərsdən sonra ailə şəkillərini qovluqdan alıb “FOTO”- ya getdi. Gözəl bir mənzərə ilə ailə tablosu hazırlanmasını xahiş edəndə, fotoqraf:
-Bəs üzərinə nə yazaq, nə isə yazdırmaq istəyirsən?
-Üzərində?-… Onda belə yazın: “Bir omürlük xoşbəxtlik diləyilə.”
-Gözəl düşündün, dostum,-fotoqraf razılıq etdı. Amma bilmədi ki, Mikayıl hər daim əzizlərini “ Bir ömürlük” xöşbəxt etmək üçün çox düşünür, çox nigaran olur…
…Mikayılın hədiyyəsi əsl sürpriz olmuşdu. Ailənin sevinci yerə-göyə sığmırdı…Əslində onun evə hər gəlişi bax beləcə, xoş əhval, xoş gün idi. Valideyn üçün bundan gözəl nə ola bilərdi ki???
-Nə gözəl hədiyyədir bu, Mikayıl? Ağıllı oğlum, nə gözəl hədiyyə almısan.
-Doğrudan deyirsən, mama, xoşuna gəldimi?
-Əlbəttə, xoşuma gəldi, bu mənim üçün dünyanın ən gözəl hədiyyəsidir, oğlum. Çox sağ ol…
Ailə ən xoş günlərini yaşayırdı. Gələcəyin təlatümün, fırtınasın bilmədən. Mikayıl isə onları sevindirməklə yanaşı, həyət işlərini də unutmurdu. Nə vaxt kəndə dönsəydi bağa keçər, mütləq yorulub əldən düşənə qədər işləyərdi. Sanki, bu işləmək həvəsi ona həyata yenidən gəlmək sevinci kimi xoş ovqat bəxş edirdi…
Universitet həyatı da artıq sona çatırdı. Müəllimlərin rəğbətini qazanan Mikayıl çoxlu iş təklifləri də almışdı.
-Hələ bir hərbi xidmətimi də keçim, İnşAllah, ondan sonra qəti qərar verəcəyəm, hansı iş daha münasibdir. Təhsilimi də davam etdirərəm, magistratura təhsili də vacibdir. Mütləq valideynlərimi də, gərək Rüfəti də gətirəm şəhərə. Yoxsa ki, çox əziyyət çəkirlər – deyə, düşünürdü.
İmtahanlarını uğurla verib kəndə qayıtdı. Bütün ailə şam yeməyində Mikayılın hərbu çağırışı haqqında düşünürdü. Görəsən ki, Mikayıl hara düşəcək xidmət zamanı?
Sükutu Mikayıl pozdu. Gülümsəyərək, gözəl gözləri ilə üzünü atasına tutdu.
-Ata, bilirsiniz bir söz demək istəyirəm. Daha doğrusu Sizdən bir xahişim var.
-Nə xahiş, oğlum?
-Xahşim odur ki, məndən nigaran qalıb, yerimi dəyişməyəsiniz. Mən hərbi xidmətdə hara düşsəm, orda da xidmət etmək niyyətindəyəm. Ümumiyyətə, mən düşnürəm ki, biz, Qarabağın alınmasını, azad olunmasını niyə gələcəyə saxlayırıq ki?…Onu biz almasaq, kim alacaq ki???
Ata oğlunun nə qədər mərd, vətənpərvər olduğunu duyub, qürur etsə də, qəlbində öyünsə də, yenə daxilində olan həyəcanını gizlətmək istədi. Biz də nigaran qalırıq, bala, deyirik ki, salamatlıq olsun…
- Ata, bu torpaqları biz almasaq, kim alacaqdır ki…??? Bu fikir hər zaman qəlbimdə məni narahat edir…
- …………………….
- Bir də ki, əsgərlik, müharibə deyil ki… nigaran olmayın. Əgər qismətmə döyüşmək düşsə, sevinərəm ki, mən də topağımızın azad olunması üçün döyüşürəm…
-Yaxşı, oğlum, sən istəyən kimi olsun. Allah qorusun, harda olsan!
Mikayılı hərbi xidmətə yola salmaq üçün bütün kənd camaatı,dostlar.qohumlar toplaşmışdı. Hər kəs xoş sözlərlə arzularını bildirirdi, onların xeyir-duası ilə hərbi xidmətə yola düşdü Mikayıl, neçə-neçə Vətən övladı kimi, Vətənə xidmət borcünü ödəməyə…
Nigarançılıq dolu günlər yol almışdı evə doğru… And içmə mərasiminə az qalırdı…
Mikayıl hərbi xidmətə gedəndən ailədə sanki bir süküt vardı, hər kəs digərinin duymaması üçün öz fikirlərini ürəyində saxlayır, digərini narahat etməkdən çəkinir, nahaq nigaran etməyim,- deyə fikirlərini ürəyində bölüşür, nigarançılığını gizlətməyə çalışırdı.
2015-ci ilin Avqustun ayının 15 idi. Gəncə şəhərində “N” saylı hərbi hissənin qarşısında böyük bir izdiham vardı. Əsgərlərin andiçmə mərasimi idi. Mikayıl hərbi sırada çox vüqarlı görünürdü. Uzaqdan onu görən ailə üzvləri və qohumlar sevinclə səsləyir, Allah sizi qorusun, balalar,-deyə, şükranlıq edirdilər. Burda yaşanan səs-küy– ailə dəyərlərinin Vətən sevgisi ilə çiçəkənmiş bir mənzərəsi, gözəl bir çələngi idi…
Əsgərlərin hərbi nümayişi bitdikdən sonra ailələri ilə görüş verildi. Hər kəs sevinc içində idi. Mikayıl həyəcanla ailə üzvləri ilə görüşüb, hal-əhval tutur, sevinclə zəng edən dostlar, qohumlarla danışır, razılığını bildirirdi. Əsgər formasında bir qədər də dəyişmiş, qəlbinin yurd istəyinə sanki etibarlılıq, güvənlilik çökmüşdü…Bu forma ona çox yaraşırdı…
Görüş vaxtının bitməyinə az qalırdı. Mikayıl yeni yazdığı şeirləri anasına verib, bunları vaxtın olanda oxuyub, fikrini deyərsən, Ma-deyərək, gülümsədi.
-Əlbəttə, Mikayılım, gözəl oğlum, hamsını oxuyacam, inşallah taplayıb, çap da edərsən…
– Hələ çap olunmasına çox var, mama, hələ ki, fikirləriniz maraqlıdır. Çap…daha sonra…
Rumiyyə ana da, Yaqub ata da, əsgərlərlə mehriban dostluq edən Rufət də vaxtın necə keçdiyini hiss eləmirdilər. Görüş vaxtı bitirdi. Onlar qol-boyun görüşüb, vidalaşdılar.
-Yenə gələcəyik, Mikayıl, sən özünə yaxşı bax. Oldumu, sənə güvənir, etibar edirik. İnanırıq, bir sözlə…
-Narahat olma, ata, yaxşı olacaq hər iş…
Mikayıl əsgər gedəndən nə qədər istəsə də, narahatlıq, həyəcan tərk etmirdi ananı. İndi o Tərtər rayonunda qulluq edirdi. Üç aydan sonra yeri dəyişmiş, Tərtər rayonundakı “N” saylı hərbi hissədə yerləşdirilmişdir. Sentyabr, noyabr aylarında da getmişdilər Mikayılı görməyə. O isə hər dəfə razılıq edir, hər görüşdə də anasına şeir dəftərçəsini verir, şeirlrinin ilk oxucusu kimi telfonda onun rəylərini dinləməyi arzulayır, qələminin sorağını eşitməyə çalışırdı. Mikayılın şeirləri isə, həqiqətən, mükəmməl idi. Bu tək ananın övladına olan sevgisi, dəyəri deyildi, bu sətirlərdə həqiqi
mənada bir gənc şairin duyğulu könlü çağlayırdı…Elə çağlayırdı ki…ləpələri can atdığı sahilin xoşbəxliyini intizarla, həsrətlə gözləyirdi…
Rumiyyə ana, bir az fərəh, bir az sevinc, bir az nigarançılıq dolu baxışlarla oxuyurdu sətirləri…
Dəniz sahili
Yenə dəniz sahili, zülmət qaranlıq,
Sənsizəm, gözlərim görür toranlıq,
Zamanım, saatım, durub bir anlıq,
Əzab çəkir bu qəlb, yenə daxili,
Səni xatırladır dəniz sahili…
Qaranlıq gecədə ay da görünmür,
Gəzdiyin sahilə təzə iz gəlmir,
Dəniz də sakitdir, susubdur, dinmir…
Dinmir bu həsrətə, susub zahiri-
Səni xatırladır dəniz sahili.
Bəlkə də bir həsrət bitəcək bu gün,
Bir nəfəs dadıma yetəcək bu gün,
Ya da ki, bir həyat bitəcək bu gün,
Çünki intihardır şairin meyli,
Bu “SON”a – şahiddir dəniz sahili!
( Mikayıl Vahabzadə-15 sentyabr-2015-ci il, Gəncə,”n”saylı Hərbi hissə, 12- ci bölük, saat: 1220)
Ana oxuduqca ürəyi şiddətlə döyünür, qulaqlarında Mikayılın səsini duyurdu … Şeirlər isə müxtəlif mövzülarda sıralanırdı…
Ana ürəyi
Yenə də əsgərdir, bir oğul bu gün,
Silahdan tutubdur onun biləyi.
Bir ana həsrətlə qalıbdı bu gün,
Oğulçın çırpınır ana ürəyi.
Bilmir oğul necə, ya da hardadır?
Görən ürəyincə əsgər yeməyi?
Bəlkə onun oğlu indi dardadr,
Vurnuxur, döyünür ana ürəyi.
Bəzən də oğulçun ağlayır ana,
Birdən yaşla dolur gözün bəbəyi.
Oğlunun gəldiyi deyilsə ona,
Sanki dağa dönər ana ürəyi.
Artıq üç aydır ki, əsgərdir oğul,
Üç aydır yemir o ana yeməyi.
Gün keçir hərbiyə öyrəşir oğul,
Artıq rahat olsun ana ürəyi…
Ananın gözlərindən iki danla yaş düşür vərəqlərə…Sakitcə köks ötürür…
-Niyə ağlayım ki, Allaha şükür sağ-salamat gələcək, az qalıb…Ağıllı oğlum, Mikayılım…
Əsgər oldum Azərbaycana
Mən də əsər oldum Azərbaycana,
Haqqını, südünü halal et, ana!
Neçə vaxtdır keşikçiyəm torpağa,
Yolumu gözləyin, gələcəm, ana!
Bu eldə Nəbiyəm, qoç Koroğluyam,
Həm anamın, həm Vətənin oğluyam.
Yalan sözüm yox, həmişə doğruyam,
Yolumu gözləyin, gələcəm, ana!
Əsgərəm, ay ana, ürəyini dağlama,
Bayram günü, bayram payı saxlama…
Şəhid olsam, qəbrim üstə ağlama,
Yolumu gözləyin, gələcəm, ana,
Gəlib göz yaşını siləcəm, ana!
On səkkiz ay nədir, gəlib keçəcək,
Gözləri yollarda qalan sevgilim.
Axır gəlib bu həsrət də bitəcək,
Yolumu gözləyin, gələcəm , ana!
Allah özün qoru, balamı! Amin, Rəbbilaləmin, özün qoru! – deyə, Rumiyyə ana yenə ürəyində min nigrançılıqla şeirləri kitab rəfinə qoyub:
-Ürəyi şeirli, hikmətli balam!- dedi…
….Neçə gün idi ki, hərbi hissədə təlimlər artırılmışdı. Mikayıl bu təlimlərdə fəallığı, bacarığı ilə seçilirdi. Bunun nəticəsi idi ki, dəfələrlə təşəkkürnamə də almışdı rəhbərlik tərəfindən. Günün çox hissəsini təlimlərlə məşğul olan Mikayıl yenicə otağa gəlmişdi ki, qapı döyüldü.
-Əsgər Vahabzadə, sizə məktub var.
-Məktub, nə yaxı, çox sağ olun…
Əlinə aldığı məktub tanış deyildi. Ona qəribə də gəlsə, məktubu tez açıb oxumağa başladı. Məktubu Bakı şəhərindən bir texniki lisey məktəblisi yazmışdı:
“Azərbaycan əsgərinə…
Salam əsgər! Mən də vətənini sevənlərdən biri kimi öz igid əsgərlərimizə ürək sözlərimi söyləməyə imkan tapdığım üçün çox sevinirəm. Düzdü, mən müharibələr zamanı olmamışam. Və qız olduğuma görə hərbi xidmətə gedib, əsgər də ola bilməyəcəyəm. Amma, həmişə yadımda saxlayacağam ki, bu dövrdəki şərait necə və nəçə çətinliklərlə yaranıb. Heç vaxt unuda bilmərəm ki, bəzilərinin ölümü bizim rahat yaşayış səbəbimizdir. Şəhidlər, Milli Qəhrəmanlar bizi unutmadığı kimi, biz də onları unutmamalıyıq. Vətənimizi unutmayanlardan biri isə siz əsgərlərsiniz. Siz bizim ən dəyərli insanlarımızsınız. Bir gün mənim də qardaşım sizin yolunuzu davam etməyə çalışacaq. Biz isə sizinlə fəxr edirik. Həmçinin mənim əmim də Şəhidlərlə birlikdə Vətən üçün canından keçib. Torpağa tapşırılıb. Hər bir Şəhidin ailəsi üzüldüyü kimi, biz də üzüldük. Lakin mən onu heç görməmişəm. Mənim arzularımdan biri də əsgərlərimizin həmişə Vətənimizin yolunda çalışmasıdır. İnşallah, gün gələcək düşmənlər Sizin qarşınızda göz yaşları tökəcəklər…”
Mikayıl məktubu oxuyub dərin fikrə getdi.
-Əsgərlikdə belə məktublar da olurdumu?Bu təsadüfdirmi? Həyatda heç nə təsadüf deyil…Yəqin ki, ola bilcək zərurət öncədən görünməkdədir…
Qışf əsli artıq bitmək üzrə idi. Mikayılın bir illik xidmət müddətinin çoxu kecmiş, necə deyərlər azı qalmışdı. Novruz bayramı da yaxınlaşırdı. Axşam atasının zəngi onu çox sevindirmişdi. Sabah yanına gələcəkdilər. Təlimlər isə ara vermədən davam edirdi. Çox yorulduğu üçün, daha şeir yazmağa da vaxtı olmurdu.
Mart 19-u idi. Mikayıl valideynlərini və qardaşını sevinclə qarşıladı. Çox sevincli bir gün idi. Onların gəlişi ilə bayram əhvalı bir sevgi işığı idi ürəkdə. Sevgi ilə qol –boyun olan ailə, ən gözəl arzuların sehrində idi.
-Mikayıl, sən məzuniyyətə gəlmədin ki… Bəzi əsgərlər gəliblər, sən niyə gəlmədin?
-Mən may ayında gəlmək fikrindəyəm, ata, leytinant dostum var, həm də onun nişanı olacaq.Ona görə istədim ki, may ayında gəlim…
-İnşAllah oğlum, ata fəxrlə oğluna baxdı. İnşAllah, təki hər şey yaxşı olsun.
-Mikayıl, sənin calaq etdiyin alçalar da çiçəkləyib. Bir görsəydin, dedim ki, sevinəsən, cox əziyyətin çəkibsən.
-Hə, çox yaxşı xəbərdi bu, mama. Onun növün(cır) meşədən seçmişəm, Ona quluq edin, yaxşı ağac olacaq.
Mikayıl telfon zənglərinə cavab verməklə, demək olar ki, fasiləsiz danışmaq məcburiyyətində idi. Dostlar hər yerdən hal-əhval soruşur, bayramını təbrik edir, tezliklə görüşməyi diləyirdilər.
Görüş vaxtının bitməsinə az qalırdı. Mikayıl əzizləri ilə görüşüb, vidalaşdı, bayram sövqatlarını alıb, tezliklə evimizdə görüşəcəyik,- deyərək hərbi hissənin həyətinə keçdi.
Ötən hər gün ömürdən, gündən köçürdü…
-Bircə bu bir rneçə ay da gəlib keçsəydi, -deyə Rumiyyə ana, yenə nigaran idi. Mikayılı yaxın zamanda görməsinə baxmayaraq yenə nigaran fikirlər bitmir ki, bitmirdi….
-Yaxşı ki, onun da bayramını öncədən gedib təbrik etdik,-deyə, nə iş görürdüsə qəlbində olan narahatlığı sanki sakitləşdirməyə çalışırdı.
Təmas xəttində isə hər gün atəşkəsin pozulmasından xəbər verirdi diktor. Hər eşidəndə ana qəlbi nigarançılıq alovunda əriyir, yenə də bəd fikirlərdən qaçmaq, uzaqlaşmaq hissilə:
-Hər şey yaxşı olar, İnşAllah – deyirdi…
Aprel ayının ilk günü isə soyuq bir qış havası sanki evi bürümüşdü. Bu nə soyuqdur, baharın gəlişi heç bu soyuqları azaltmadı ki…Mən niyə belə çox hiis edirəm ki bu soyuğu, yəqin hava dəyişəcək yenə… Nə isə çox soyuqdu bu gün…
O həyətdə işlərini bitirib, evə qalxdı. Nigaran günlərinin yaxın zamanda bitəcəyi ümidi ilə düşünərkən qəfil xəbər gözlərini qaraltdı…
Gecə eşitdiyi xəbər bütün dünyasını buz etdi…Dondu qaldı…
Tərtər istiqamətində atəşkəsin pozulması nəticəsində ordumuz hərbi əməliyyata başlamışdı. Aprelin 2-də düşmənin qəfil hücumunun qarşısı alınmış, düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv edlmişdir. Müəyyən qədər ərazilərin azad edilməsinə, düşmən qüvvələrin susdurulmasına baxmayaraq, itgimiz də az deyil…
Nə?… Necə… necə? Nə olub? Necə dedi…? İlahi, bu nə xəbərdi? Ahh, balam… Mikayılım…Can balam…anan qurban sənə, balam…
… Mikayılın məzarı yuxarı bağın meşəsində, dağın ən yüksək zirvəsindən baxır sevdiyi Vətən torpaqlarına. Aprel ayının 2-də qəhrəmancasına Şəhid olan Vətən sevdalı oğul, Aprel ayının 9-da Vətən torpağına qovuşmuşdur. Qəhrəman oğul ölümündən sonra dövlət rəhbərliyi tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medal” ilə təltif edilmişdir.
Yuxarı bağın meşəsində çiçəklərin ətrinə, xalqın sevgisinə bürünmüş Mikayılın məzarı– and yeridir. Vətənə sədaqət, yurda sədaqət!
Onu tanıyan hər kəs isə daima –“Mikayıl ölməyib, o Vətən tarixində əbədiyyətdədir”- deyirlər…
Ey Vətən
Üç rəngli bayrağın dalğalanacaq,
Millətin ayağa birdən qalxacaq.
İgid oğulların Şəhid olacaq,
Qorunur torpağın sənin, ey Vətən!
Sənin, ey Vətən, sənin ey Vətən!
Ağdərə, Füzuli tapdaq altında,
Vermərik biz torpağı bir yada.
Ölmək lazım gəlsə öləcəyik biz,
Qorunur torpağın sənin, ey Vətən!
Canım, ey Vətən! Canım, ey Vətən!
(Mikayıl Vahabzadə)
Allah Vətən Şəhidlərin Rəhmət eləsin. Amin.
(son)