Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən Ilyas Arranın “Yuxu” hekayəsini təqdim edir.
İlk kitabını naşirə təqdim edəndə çap olunacağına onun heç bir əminliyi yox idi. Və ən qəribəsi də o olmuşdu ki, naşir ilk dəfə gördüyü bu adamın kitabını oxumaq üçün qəbul etmişdi. Həmin gündən düz bir ay sonra onu nəşriyyata dəvət etmişdilər, kitabını nəşr etmək üçün müqavilə bağlamışdılar.
Başı ikinci kitabı yazmağa qarışdığından növbəti iki ayın nə vaxt ötməsindən xəbəri olmamışdı. Yalnız naşir onunla görüşmək istədiyini bildirəndə yadına düşmüşdü ki, ilk kitabı indiyədək çap olunmalı idi.
Naşir orta yaşlı birisi idi və orta əsr aristokratlarına bənzəyirdi. Bob onun kabinetinə daxil olanda naşir gözü zəif görən adamların başını kitabın səhifələri arasına soxduqları kimi, başını az qala bilgisayarın içərisinə salaraq nəyəsə baxırdı. Naşirin masası qapının sol tərəfində elə yerləşmişdi ki, çağ tərəfə çevrilməsə içəri girəni görə bilməzdi. Ona görə də Bob onun qarşısındakı kresloda oturana kimi ondan xəbəri olmadı. Bir-neçə dəqiqədən sonra başını bilgisayardan kənara çəkəndə Bobu gördü:
– Hə, cənab Forrest, sizi təkrar gördüyümə şadam.
– Nə baş verib, kitabımı çap edəcəksinizmi? – Bob
laqeyidcəsinə sual verdi.
– Kitabınızın ikinci nəşri üçün müqavilə bağlamaq istəyirəm. Ayağa qalxıb gəlib onunla ilə üz-üzə oturdu. Sonra isə əlindəki kağızı ona uzatdı.
Bob gözlərinə inanmadı, bu iyirmi minlik bir çek idi.
– Bu kitabının birinci nəşri üçündür. İki ayda kitabın hamısı satıldı. İkinci nəşri üçün tirajı iki dəfə artırmaq istəyirik. – Müqavilə sənədini onun qarşısına qoydu.
Bob bir kəlmə da danışmadan müqaviləyə qol çəkdi. Getmək üçün ayağa qalxdı.
– Cənab Forrest, kitabda fotoşəklinizi və haqqınızda məlumat vermək istəyirik. İcazə verin, fotoqraf şəklinizi…
– Qoy şəkilsiz olsun. – Qapıya tərəf getdi.
– Növbəti kitabla bizi nə vaxt şərəfləndirəcəksiniz? –
Naşir onun ardınca az qala qışqırdı.
O qapıya çatanda:
– İki-üç ay çəkər. – deyib qapını örtdü.
* * *
İçəri girib həmişə oturduğu masaya baxdı, boş idi. Gəlib öz yerində oturdu. Bu bara həftənin cümə günləri gəlirdi, həmişə də axşam eyni vaxtda. Seçdiyi masa isə salonun düz ortasında idi. Adətən burda heç kəs oturmaq istəmirdi, hamı divar boyu yerlərə üstünlük verirdi. Barmen Betti bir şüşə el və qədəhi onun qarşısına qoydu. Qədəhi doldurub getdi.
Bu bar texnologiya əsri ilə barışmayan bir məkan idi. Burda hər şey orta əsrləri xatırladırdı. Divarın kobud yonulmuş daşla örtülən üzlüyü də, kohnəliyindən qara rəngə çalan taxta masa və oturacaqlar da, piştaxta da, şərab rəfləri də, hətta qədəhlər də, hər şey adamı yüz illər əvvələ aparırdı. Bobu bu bara cəlb edən də elə burdakı qədimilik idi. Burda nə onun əsəblərini korlayan müasir musiqilər, nə də həmin eybəcər musiqiyə uyğun eybəcər hərəkətlər edən bədəni döymələrlə bazədilən gəlmələr yox idi. Hər şey onun zövqünə uyğun idi, hətta buranın daimi müştəriləri də.
Burda hər zövqə uyğun insanlar olurdu. Danışıq tərzinə, geyiminə, çəkdikləri siqara, içdikləri içkilərə görə fərqli idi hər kəs. Küçədəki müasirliyin, dəblərin, texnologiyaların burda heç bir əsəri görünmürdü.
Bob dirsəklərini masaya dirəyib, bir əlinin barmaqları arasında siqar tutmuş, o biri əlini də siqar olan əlinə sıxmış vəziyyətdə oturmuşdu. Kənardan baxan olsa onun siqarın burula-burula yuxarı qalxan tüstüsünə baxdığını zənn edərdi. Əslində isə o, nə siqarın tüstüsünü görürdü, nə da xəyala dalmışdı. Bütün diqqəti sağ tərəfdəki divarın yanındakı masada oturmuş iki nəfərin söhbətində idi. Ardıcıl ikinci dəfə idi ki, onları burda görürdü. Birinci dəfə Tom adlanan qırmızısifət, çopur adam özünün uğursuz başa çatan keçmiş sevgisindən danışmışdı. Bu gün isə bank işçisinə bənzəyən Harri adlanan danışırdı.
– Hə, Tom, mən yuxularım haqqında danışmağa söz vermişdim.
– Maraqlıdırsa, danış.
– Marağı yuxularımın qəribəliyindədir. – Harri qədəhdəki şərabı birdəfəyə içdi. – Çox az yuxu görürəm. Ay ərzində bir, ya iki dəfə. Bəzən elə olur ki, bir-iki ay sakitlik olur. Sakitlik olur, ona görə deyirəm ki, mənim yuxularım mənə çox böyük əzablar verir. Yuxu görməyəndə mən dincəlirəm, özümü çox rahat hiss edirəm. Onu deyim ki, yuxu haqqında filosof və psixoloqların nə dedikləri ilə maraqlanmışam. Onların yuxu haqqında olan çərənləmələri məni qane etmədi. Son vaxtlar isə şərq müdriklərinə üz tutdum. Daniyel və İbn Srinin yuxuyozma kitablarını əldə etdim. Bu kitablarla tanışlıqdan sonra özümü çox sakit hiss edirəm. İndiyə qədər gördüyüm yuxuların mənası mənim üçün aydınlaşır.
Tom onun söhbətini kəsdi:
– Birini danışacaqsan yəqin.
– Maraqlı birini yadıma salmaq istəyirəm. – Yeni bir siqar yandırdı. – Gördüm ki, bir meşədəyəm. Ən çoxu vələs, qarağac və palıddan ibarət olan bu meşə məzar sükutu içərisində idi. Günəş görünməsə də ətraf çox aydınlıq idi. Ağacların yaşıllığı və rast gəldiyim göbələklər may-iyun aylarının olduğunu bildirirdi. Bəlkə də günortanı çoxdan ötmüşdü, təxminən axşamçağı olduğu qənaətidə idim.
– Yuxuda hər şeyi belə dəqiqliyi ilə görürsən?
– Təəssüf ki, hə. Mənim yuxularım real həyat kimi olur. Və gördüklərim də baxdığım bir film kimi yaddaşıma hopur. Hə, harda qaldım? Yadıma düşdü. İllərlə tökülüb qalmış yarpaq xəzəlləri bəzi çökək yerlərdə az qala dizə çıxırdı. Hansı səmtə getdiyimin fərqində olmadan xəzəli yara-yara irəliləyirdim. Bir tərəfə çıxmaq istəyirdim, çünkü meşənin axşam vahiməsi məni qorxudurdu. Təxminən yarım saatdan sonra bir tikiliyə rast gəldim. Adam boyundan yuxarı olan daş bir divar idi. Divar boyu irəlilədim, tağlı bir darvaza çıxdı qarşıma. Qapını itələdim, açıq idi. İçəri keçdim. Baxımsızlıq ucundan həyəti kol-kos basmışdı. Çay daşı döşənmiş xiyabanla ağacların arasından görünən binaya tərəf getdim. Təxminən onbeş-iyirmi metr hündürlüyündə, o qədər də böyük olmayan köhnə bir qəsr idi. Girişə yaxınlaşdım, qapının üstündəki daş lövhədə iki qabarit hərf yazılmışdı: S.H. Yəqin qəsr sahibinin insialı idi, bəlkə də başqa bir şey. Bağlı olmayan qapıdan içəri girdim. Hər tərəfi toz basmasından aydın idi ki, uzun müddətdir ki, burda kimsə yaşamır. Elə bil ki, bu barda olduğumuz kimi orta əsrlərə düşmüşdüm. Hollun ortasına bir royal dayanırdı. Toz basmış qapağını qaldırıb, klavişə toxundum. Kökdən düşməmişdi, başa düşdüm ki, bura heç də çoxdan tərk edilməyib. Pilləkənlə ikinci mərtəbəyə qalxdım. Fikrim otaqlardan birində gecələmək idi. Dəhlizə açılan qapılardan birini açdım, kiçik bir otaq idi, bom-boş. Yan divarda bir qapı görünürdü, dəmir qapı idi. Bu qapı da bağlanmamışdı. Dəstəyindən tutub açanda gözlərimə inanmadım. Burdakı rəflər qızıl və qiymətli daş-qaşla dolu idi. Meşin çantalarda isə səliqəli dəstələrlə bağlanmış böyük miqdarda pullar var idi. Qızıldan bir ovuc götürdüm ki, baxım. Və qızıl əllərmdə olanda yuxudan ayıldım.
Harri susdu, yuxu başa çatmışdı.
– Heç heyfislənmədin?
– Bu yuxu idi, həqiqət deyildi ki, heyfislənim.
– Bəs dediyin yuxu yozanlar bu yuxuya nə dedilər?
– Meşə – məqsədə doğru irəliləmək, köhnə bina – yenilikləri əldə etmək, qızıl – şans kimi yozulurdu bu kitablarda. Və mən bunlara nail olmuşdum. Bu yuxu mənə əzab vermədi, bu yuxunu görəndə dediyim kitabları əldə etmişdim.
– Siz cənab Bob Forrestsiniz? – Barmenin yanında oturduğunu gördü.
Əvvəl təsdiq etmək istəmədi:
– Niyə belə düşünürsünüz?
Barmen masanın üstünə sərdiyi qəzeti ona tərəf sürüşdürdü. Əlində qədəh masa ətrafında oturmuş halda, barda çəkilmiş fotosu idi. Başı ilə təsdiq etdi.
– Bizim bar deyil. – Barmen incik kimi dilləndi.
– Elədir. – Nəsə əlavə etmək istədi. Amma, astaca ayağa qalxdı. Barmenin gətirdiyi ikinci Elin də qiyməti daxil olmaqla pulu masaya qoyub barı tərk etdi.
* * *
Bob Forrest ictimai həyatda tanınmasa da oxucular arasında sevilən bir yazıçı idi. İki il müddətində üç kitabı çap olunmuşdu və hər kitabı da bestellerə çevrilmişdi. Mətbuatda onun haqqında ən müxtəlif rəylər bildirilirdi. Onun kim olduğunu kimsə bilmirdi. Oxucular və tənqidçilər heç vaxt fotosunu da görmədikləri bu adamı həmişə axtarırdılar.
Kitabları beşdən iyirmi səhifəyə qədər olan hekayələrdən ibarət idi. Hekayələrində o qədər psixoloji çalarlar olurdu ki, oxumamaq mümkün deyildi.
Qırx yaşlarında olan Bob qələbəliyi sevmirdi. Bər-bəzəkli aristokrat məclislər, ütülənmiş insanların arasında olan yığıncaqlar ona yad idi. İndi necə olacaqdı, bilmirdi. Onu burnunu hər yerə soxan press tapmışdı. Daha sərbəstliyi olmayacaqdı. Onu hər yerdə izləyəcəkdilər. Küçələrdə oxucular ona rahatlıq verməyəcəkdi.
Düşündü ki, çoxdan beynində kök salan bir fikrini reallaşdırmağın zamanı gəlib. Bob şəhər ətrafındakı sakit bir guşədə bir ev almaq istəyirdi. Hətta alacağı evi də tapmışdı. Temzanın sahilində, az qala hündür ağaclarla üstü örtülü olan bu evdə çoxdan beynini gəmirən romanlarını yazacaqdı. Amma, kitablardan aldığı qonarar çox baha olan bu evin dəyərini ödəmirdi. Evin qiymətinin üçdə ikisi onda var idi, bəs üçdə birini hardan tapsın? Onun bu şəhərdə heç bir kimsəsi yox idi. Tanıdıqları insanlar kitabının naşiri və getdiyi iki barın barmenləri idi. Onlarla da yaxından tanış deyildi. Bəlkə də bir müddət də gözləsə kitablardan alacağı qonararlar bu xərci ödəyə bilərdi. Amma, gözləməklə rahatlığını itirəcəkdi, alışdığı və dəyişmək istəmədiyi həyat tərzi məhv olacaqdı. Yaşadığı ucuz qiymətə olan kirayə mənzil və bu arxaik barlar ona bu yazıçılığı vermişdi.
Hə, məhz bu barlar onun əsərlərinin tipik qəhrəmanlarını vermişdi ona. Bu şəhərdə orta əsrləri xatırladan iki bar var idi. Cümə günləri Bettinin işlədiyi bara, şənbə günləri isə Süzenin işlədiyi bara gedirdi. Hər iki barda heç kimin diqqətini çəkmədən iki şüşə El sifariş edir və ətrafda oturan müştərilərin söhbətlərini dinləyirdi. Bəzən isə səsi daha yaxşı eşitmək üçün səs yaxınlaşdıran qulaqcıqdan istifadə edirdi. Bobun bütün qəhrəmanları bu müştərilərin söhbətlərindən yaranırdı.
Tanındıqdan sonra bu barlara gələ biləcəkdimi? Bu sual onu çox düşündürürdü. Ona bir az təskinlik verən o idi ki, topladığı materiallar hələ bir-neçə kitabın çapına yetəcəkdi. Ala bilmədiyi ev isə onun əsas məqsədi idi, yalnız bununla istədiyi sakitliyə və rahatlığa qovuşa bilərdi.
Bob qalxıb bir fincan qəhvə hazırladı. Fincan əlində həmişə örtülü saxladığı pərdəyə yanaşdı. Pərdəni yana çəkdi. Arzusunda olduğu yaşıllıqlar və çay əvəzinə üzbəüz binanın pəncərəsini gördü.
– Mən bunu eləməliyəm – deyib, pərdəni yenə örtü. Bu qəfil yadına düşmüşdü. Bobda qəti əminlik yarandı ki, bu həqiqətdir.
Bilgisayarın qarşısında oturdu. S.H. nə ola bilərdi? Axtarışa başladı. Uzun axtarışdan sonra belə bir ada rast gəldi: Samuel Henderson. Burada onun psixoloq, telepat və musiqiçi olduğu görünürdü. Bu ad və soyadla çoxlu insanlar olsa da, onun yaşadığı yerin Hendersonlar qəsri olduğu yazılırdı. Deməli, o sağ idi. Çünkü ölüm tarixi yox idi. Amma, Harri hər yerin toz basdığını və həyətin cəngəlliyə çevrildiyini deyirdi. Bəlkə, Harri gələcəyi görmüşdü? Qəsrin yerini isə tapmaq çətin deyildi, burdan cəmisi 80 km məsafədə idi.
Bob düşüncələrə dalmışdı. Yuxuda görülən şeylər həqiqət ola bilərdimi? Harrinin danışdığı yuxu əhvalatı onun yeni əsərinin motivləri olacaqdı. Həmişə eşitdiklərini öz bildiyi kimi yazmışdı və heç birinin də həqiqiliyini yoxlamamışdı. İndi isə bunu etmək qərarına gəldi. Bob qəsrə gedəcəkdi və bu dəfə gözləri ilə gördüyü həqiqətləri yazacaqdı.
* * *
Taksi çayın üstündəki körpüdən keçən kimi Bob sürücüyə saxlamağı xahiş etdi. Burdan sol tərəfə bir maşının gedə biləcəyi ensiz bir yol meşəyə girirdi. Xəritəyə əsasən 1,5 km yol gedəcəkdi. Payızın sərin havasını udmaq və meşə dünyasını bir anlıq yaşamaq üçün piyada getmək qərarına gəldi. Yolun üzərinə əyilən ağaclar yolu tunelə bənzədirdi. Yol ötən payızdakı xəzəl ilə tam örtülmüşdü. Deməli, son bir ildə bu yolla heç bir maşın getməmişdi. Yəni qarşıdakı qəsr yiyəsiz olmalı idi.
Nə vaxt qəsirə çatmağından xəbəri olmadı. Harrinn söylədiyi darvaznın qarşısında dayanmışdı. Həyətə keçdi, artıq buraları tanıyırdı. Xiyabandan ötüb qəsrə daxil oldu. Holl çox böyük idi. Ortada piano dayanırdı. Hollun sağ və sol tərəflərində ensiz dəhliz və pilləkən var idi. Hər şeylə tanış olmaq Boba güc gəldi. Sağdakı dəhlizə girdi. Bir-birindən aralı yerləşən dörd qapı var idi, bir də dəhlizin başında yerləşən qapı. Yoxladı, bütün qapılar bağlı idi. Geri qayıdıb hollun digər tərəfindəki dəhlizə girdi. Burda da hər şey o biri tərəfdəkinin eynisi idi. Pilləkənlə yuxarı qalxdı. Hollu əhatələyən dairəvi məhəccər boyu qapılar var idi. Bu qapılardan hansı idi? Qərara gəldi ki, bütün otaqlara baxsın, onsuz da Harrinin dediyi otağı tanıyacaqdı. Yaxınlığındakı qapı bağlı idi, ikinci papıya toxunanda açıq olduğunu gördü. Otağın sağ tərəfindəki divarında dəmir qapı. Bu həmin yer idi. Dəmir qapıya yanaşdı, qapının dəstəyindən tutub özünə çəkdi. Harrinin dediyi xəzinə eynilə onun qarşısında idi.
Bu möcüzə idi Bob üçün. Eşitdiyi yuxu və reallıq. Rəflərdə hər şey var idi, qızıl əşyalar, qiymətli daş-qaşlar. Qara meşin çantanın ağzını açanda isə xəyalına gəlməyəcək pul dəstlərini gördü. Onun ev almaq üçün cəmi yüz mini çatmırdı, cəmisi iyirmi dəstə pul. Çantadan bir dəstə pul götürdü, əlində tutub ona baxmağa başladı. Bunun üçün gəlmişdi bura. Həm bunun üçün, həm də yazacağı əsəri tamamlamaq üçün. Götürsünmü? Əslində bunun oğurluq olduğunu bilirdi. Tanımadığı kiminsə əmlakını oğurlayacaqdı. Yox, o oğurluq edə bilməzdi. Bir-neçə ay da səbr etsə, lazım olan pulu kitabları ona qazandıracaqdı. Bu müddətdə onu narahat edəcək adamlardan da gizlənə bilərdi, sitilini dəyişərdi, saqqal saxlayıb qara gözlük taxardı, lap parik də geyinə bilərdi ki onu tanıya bilməsinlər. Hə, oğurluq etməkdənsə bu əzablara qatlaşması daha yaxşı idi. Bu onun son qərarı idi. Və qəsiri tərk elədi.
* * *
Cümə günü Harri Bettinin barından gecə saat 10-da çıxdı. Tomdan küçənin tinində ayrıldı. Evə daxil olanda yadına düşdü ki, bu gün poçt qutusuna baxmayıb. Qutuda onun adına kiçik bir bağlama var idi. Maraqla bağlamaya baxdı. O, heç kəsdən bağlama gözləmirdi. Tez evə keçib bağlamanı açdı. Fotoşəkillər idi, saydı, on ədəd idi. Fotolarda meşə, köhnə darvaza, baxımsız xiyaban, köhnə qəsr, qəsrin iç şəkilləri və xəzinə əks olunmuşdu. Bunlar ötən cümə günü Toma danışdığı yuxunun fotoları idi. Bağlamanın içərisində bir də dörd qatlanmış bir xəritə var idi. Xəritədə qırmızı rənglə bir işarə qoyulmuş və üzərində “S.H. qəsri” sözü qeyd edilmişdi. Harri xəyala daldı. Onun yuxusunun şəkillərini çəkən Betti ola bilərdi.