Qurani-Kərimdə də yuxu ölümlə müqayisə edilir. Bəs insan yatan zaman ruhu bədənini necə tərk edir?
Müstəqil.az “Dəyərlər” nəşrinə istinadla bu sualın Quran və hədislərə nəzərən cavabını təqdim edir.
İnsan iki tərkibdən ibarətdir: ruhdan və cisimdən. Ruh insan üçün İlahi bir nurdur ki, bədəninə can verir və onu təkamülə doğru hərəkət etdirir. Ancaq bunu da qeyd etmək lazımdır ki, ruhun dərəcələri və mərhələləri vardır. İnsan ölən zaman ruhun hamısı bədəni tərk edər. Ancaq yatan zaman ruhun bir hissəsi bədəni tərk edər.
Hədislərimizin nəzərinə görə, insan yatan zaman bədənində qalan hissə ruh adlanır. Ancaq o şey ki, bədəni tərk edir, nəfs adlanır.
Başqa sözlə desək, yatan zaman insan ruhunun cisim ilə rabitəsi ən az həddə düşər. Yəni, onların arasında olan rabitələrinin bir hissəsi kəsilir. Ancaq bu rabitə tamamilə qət olmur. Ona görə də ruhun bədənə nisbətdə üç halı vardır:
1. Tam rabitə. (Yəni, oyaq vaxtı olan rabitədir).
2. Naqis rabitə. (Yəni, yatan zaman olan rabitədir).
3. Rabitə tamamilə kəsilər. (Yəni, insan dünyanı tərk edər).
Ona görə də Qurani-Kərim yuxunu ölməyə bənzədir. Çünki hər ikisində də ruh insan bədənini tərk edər. Bir fərqlə ki, yatan insan sağ qalarsa, ruh geri qayıdar. Yox, əgər vaxtı sona çatıbdırsa – tamamilə bədəni tərk edər (İslami saytlara istinadla).
“Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir.
Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır”.(“Zumər” 42).