Yuxulu şeir
Yenə evin soyuqdu,
Bürünmüsən şalına.
Gözlərin pəncərədə,
nə gəlir xəyalına?
Kibritinmi qurtarıb
Sobanı yandırmağa?
Kimsəyə bir söz demə,
Özüm gedim almağa.
Bir kövrək xatirəmi
Yaddaşını qanadıb?
Ya xətrinə dəyən var,
Söylə,burax inadı.
Xəbərin yox,soyuyub
Özünə süzdüyün çay.
Tərləyən pəncərəndən
Boylanır beşgünlük ay…
Necə şirin yuxudu,
Yumulur kirpiklərin.
Yuxuda da üşüyür,
Qanı qaçmış əllərin.
Çiçək açıb çöl,çəmən,
Bulaq üstə çatmısan…
Dirsəklənib masaya
Mışıl-mışıl yatmısan…
Qəfil döyülür qapı,
“Kim ola axşam-axşam?”
Deyir:-Mənəm,qonşuyam,
Sizə kibrit almışam…
***
Axı, nə yazım bu yaşda,
Bax, saçlarım qardan betər.
Ürəyim budaqda qalan
Şaxta vurmuş nardan betər.
Nə yazım,gəlsin xoşuna,
Ürəyinə səp su kimi.
Son nəğməmi oxuyuram,
Tənha qalan bir qu kimi.
Bəlkə ömrün son qışıdı,
Bir də çatmadım bahara.
Mən gedən izi tutub gəl,
Zalım, məni hərdən ara.
Unudur verdiyi sözü,
Heyif, unudur adamlar.
Son dəfə gəl, döy qapımı,
Kəndimizə yağanda qar.
Qorxma, donan əllərini
Nəfəsimlə isidərəm.
Tut əlimdən bircə dəfə,
Ölümə desən, gedərəm!
Çoxdan çıxıb gedəsiydim,
Qalmışam sənin xətrinə.
Qoy uzansın qış gecəsi,
Batım saçının ətrinə!
***
Heyif,bu can isinməz
daha odla-ocaqla.
Ya isti quma basdır,
ya yüz dəfə qucaqla.
Elə üşüyüb,donub
neçə soyuq baxışdan.
Köhnə divar kimidi,
nəm çəkir hər yağışdan…
Yarıuçuq bir evdi
ümidləri nə vaxtdı.
Oyuncaq bir gəmiydi,
axdı sularda baxtı…
Sındı biganəlikdən,
çilikləndi yollara.
Səsini kimsə duymaz,
batıb qalıbdı qara.
Heyif…sən də gecikdin
bu solmuş ömrə-günə.
Qurumuş bənövşədi,
çiçəkləməz istinə…
***
Sənə dedim
illərdi heç kimə demədiklərimi,
sənəcən bildiklərimi, bilmədiklərimi…
üst-üstə yarpaq kimi
yığmışdım dərdlərimi sinəmə.
Bir gün varaq-varaq
çevirib sənə deyəcəkmişəm demə…
İçimdə göynəyən arzuların
boxçasını açıb tökdüm qarşına bir-bir.
bir bax,sözlərimdən
bir qərib həsrətin qoxusu gəlir…
Sənə dedim nə varsa,
illərdi hamıdan gizlətdiyim bakirə xəyalları,
sənə dedim yuxuda gördüklərimi belə…
sənə dedim, gizlətmədim heç nəyi,
bir vergülü də…
əllərimdə solan o gülü də
xatırladım…
unutmadım
ölən sevgilərə dediyim ağını belə,
danışdım,
bir şirin nağıl kimi…
Danışdım nə varsa,sənə…
nə yaxşı…
nə yaxşı inandın mənə.
Saqif Qaratorpaq
Müstəqil.Az