Aprelin 16-da Atatürk Mərkəzində “Zəfər duyğuları” antologiyasının təqdimatı keçirildi. Əvvəlcə qeyd edək ki, poeziya antologiyası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən həyata keçirilən “Zəfər duyğularının ədəbiyyatda və nəşrlərdə təzahürü” adlı layihəsi əsasında nəşr olunub.
“Şuşa İli”nə həsr edilmiş antologiyada ümumilikdə 46 tanınmış müəllifin əsərləri yer alıb. Nəfis şəkildə, 300 tirajla çap olunmuş 220 səhifəlik nəşrin məsləhətçisi akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, “Ön söz”ün müəllifi AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktorları, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı və filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayevadır.
Tədbirin aparıcısı şair İlham Qəhrəman ilk öncə bizə bu zəfər sevincini yaşadan müqəddəs şəhidlərimizə, igid qazilərimizə, Ali Baş Komandanımız və müzəffər ordumuza borclu olduğumuzu söylədi. İ.Qəhrəman, “Azərbaycan kişisi illərdi gözükölgəli idi, bu zəfərlə biz töhmətdən qurtardıq. Sanki toyumuz da, yasımız da urvatdan düşmüşdü. Biz bu müqəddəs qələbəmizlə yenidən doğulduq, özümüzə gəldik”, söylədi. O, sözü “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri, layihənin rəhbəri Dəyanət Osmanlıya verdi. D.Osmanlı kitabda əsərləri yer almış müəllifləri təbrik edərək, onlar qədər sevincli, qürurlu olduğunu dedi. O, qeyd etdi ki, bu qüruru bizə Qarabağın fatehi olan Ali Baş Komandanımız İlham Əliyev bəxş elədi. Yazarlar da, illərlə əsir Qarabağın, sonra müqəddəs qələbəmizin tərənnümçüsü olaraq haqq işimizdən ayrı qalmadılar. Onlar da qələmi süngüyə çevirdilər. Sonra söz
Hər əzizə tən – əziz,
Torpaq – şirin, dən – əziz…
Məmləkətin ən əziz
Sözüsən, əsgər balam, –
deyən, həmişə qələmi ilə öndə döyüşən şair Rəşid Faxralıya verildi. R.Faxralı da, ədəbiyyatın savaşlarda qazanılan zəfərlərdə hərəkətverici rolundan danışdı. Kitabın ön sözünün müəllifi, professor Bədirxan Əhmədli bu iş ona tapşırılanda böyük sevinc və qürur hissi ilə onu qəbul etdiyini söylədi. O, qeyd etdi ki, poeziya ədəbiyyatın aktual, çevik qanadıdır. İllərlə döyüşən poeziya Vətən həsrəti ilə qovrulan insanlarımızın mübarizə ruhuna təsir elədi. Türk – Azərbaycan Birliyi də bu kitabda öz əksini tapıb. “Sanma ki, dərdlərin azı bizdədir. Sizdəki yaranın özü bizdədir”, deyən A.Karakoç, “Ya Qarabağ, ya ölüm!”- hayqıran Ozan Arif kimi…
Tədbirdə Munis, M.Aslanxanlı, Hacı Azadə – Taleh Abbasqızı, X.Rza, R.Qusarçaylı, E.İsgəndərzadə, İ.Yusifoğlu, Q.Nəcəfzadə, N.Dəlidağlı, Ə.Talıboğlu, M.Rəşid və başqaları çıxış edərək öz zəfər duyğularından söz açaraq qələbəmizə həsr edilən şeirlərini söylədilər. Onu da əlavə edək ki, tədbir təkcə “Zəfər duyğuları”nın təqdimatı ilə bitmədi. Mərasimdə həm də, antologiyada yazıları yer alan bir qrup müəllif təltif edildi.
Mina RƏŞİD