Qəhrəman ordumuzun Qarabağda qazandığı uğurlar xalqımızın dövlətinə və ordusuna olan əminliyinin təntənəsidir. Böyük ruh yüksəkliyi, sonsuz sevinclə bayram etdiyimiz ZƏFƏR PARADI isə yaşadığımız tarixin ən Şanlı anıdır. Vətən torpaqlarımız şəhid və qazilərimizin müqəddəs qanları hesabına geri qaytarıldı.
Bu möhtəşəm günü bizə yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza təşəkkür edirik. Türkiyə dövləti və can qardaşlarımız başda olmaqla, haqq şavaşımızda bizə dəstək olan dost dövlətlərə və xalqlara təşəkkür edirik. Artıq “Dağlıq Qarabağ münaqişəsi” anlayışı yoxdur.
Min bir əziyyətlə, əzabla, qanla, canla, gənc ömürlər, ürəklərdə qalan arzular bahasına əldə etdiyimiz bu Zəfər münasibətilə haqqi olan hər bir kəsi təbrik edirik. Tarixi təzələyən, qanları ilə yenidən yazan, alnımızdaki məğlub damğasını qanları ilə silən şəhidlərimiz, bizə haqqınızı halal edin! Azərbaycanlıyam deyən hər kəsin sizə sonsuz borcu var Qazilərimiz, Vətən üçün fəda etdiyiniz sağlamlığınizi heç nə əvəz edə bilməz, siz də haqqınızı halal edin. İtirdiyiniz gözünuz, qolunuz, ayağınız ola bilməsək də, daim yanınızda olduğumuza əmin olun.
“Dəmir Yumruq” əməliyyatı öz missiyasını yerinə yetirdi.
Dekabrın 10-da “Azadlıq meydanı”nda keçirilən Zəfər paradı hər bir vətəndaşın ürəyində qürur hissi yaşatdı.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışı zamanı hərbçilərimizin göstərdiyi qəhrəmanlıqdan danışarkən bildirib:
-Azərbaycan əsgər və zabiti böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizin yekunu da Şuşa şəhərində vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad olunan sonuncu şəhər oldu. Azərbaycan əsgər və zabiti böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi.
Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Qırx dörd gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişdik. Bu istehkamlar elə qurulmuşdur ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. – deyə dövlətimizin başçısı vurğulayıb.
Şuşanın azad edilməsini tarixi hadisə kimi dəyərləndirən Azərbaycan Prezidenti deyib: “Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalar vasitəsilə dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşündə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad ediləndən sonra Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilər tərəfindən uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, sanki Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü göstərdi, öz qüdrətini göstərdi”.
Qardaş Türkiyə Respublikasının prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğanın çıxışı bir daha sübut etdi ki, Türkiyə bizim əsl dost, qardaş ölkəmizdir:
-Azərbaycanlı can qardaşlarım.
Sizləri ən səmimi hisslərimlə, məhəbbətlə, hörmətlə salamlayıram.
Bu Zəfər Gününüzdə sizlərlə birlikdə olmaqdan böyük məmnunluq duyuruq.
Qardaşım İlham Əliyevə bu yüksək dəvəti və qonaqpərvərliyi üçün təşəkkürümü bildirirəm.
Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olan igidlərə Uca Allahdan rəhmət, qazilərimizə tezliklə sağalmalarını arzulayıram.
Şair Bəxtiyar Vahabzadənin dediyi kimi:
Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı, ancaq
Qanla möhürləyib, zorla alarlar.
İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?
Qarabağı otuz illik həsrətdən sonra Ana Vətən ilə qovuşduran Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm.
Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadı ğını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tarmar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır.
…Bu düşüncələrlə çıxışımı yekunlaşdırarkən bütün Azərbaycan xalqını, əziz qardaşım Prezident İlham Əliyevi və şanlı Azərbaycan Ordusunu, Türk Ordusunu ürəkdən təbrik edirəm. Əziz şəhidlərimizi bir daha rəhmətlə yad edir, qazilərimizə tezliklə sağalmalarını arzu edirəm. Sağ olun, var olun, Allaha əmanət olun!
Dövlət başçılarının çıxışlarından sonra başlanan ZƏFƏR PARADI hər birimizin qəlbində xoş hislər oyatdı.
QARABAĞ AZƏRBAYCANDIR!
Bakı, Xəzər rayonu təhsil işçiləri adından;
Həzərxan Əbilov.