Faiq BALABƏYLİ
AXDG QSC XDND-nin “Şamaxı” gəmisinin kapitanı,
“DSD”İB-nin sədri
Azərbaycanın hərb tarixinin ən şərəfli səhifələri yazıldı 44 günlük Zəfər Savaşında… Bu savaşdakı qələbə bizə sanki bir əsrin qürurunu yaşatdı.
Qalibiyyətimizlə başa çatan, düşməni təslimçilik aktınıa qol çəkməyə məcbur etdiyimiz Vətən müharibəsində qazandığımız qələbənin 2-ci ildönümünün ərəfəsindəyik.
Azərbaycan ordusu 30 illik bir sıxıntını aradan götürdü. Düşmənə yerini göstərdi, döyüş belə olar – dedi və bizlər qələbənin hansı hissləri yaşatmasının şahidi olduq. İndi də o hisslərlə də yaşamaqdayıq.
27 sentyabr 2020-ci ildə başlanan Zəfər yolu düz 44 gün çəkdi. Asan olmadı, düzdü, itkilırimiz də yetərincə oldu. 3000 şəhid verdik bu qələbəni dadmaq üçün. Heç çətin də olmadı bu qələbəni qazanmaq, çünki içərimizdə düşmənə nifrət, yurd sevgisi, şəhid və itkin düşmüş insanlarımızın intiqamı kükrəmədə idi. Və bu kükrəmə ilə də savaşa atıldı Ordumuz. Ali Baş Komandandan tutmuş, kiçik yaşlı, dili təzəcə söz tutan körpəmizə qədər savaşdıq.
I Qarabağ savaşında da cəbhədə əsgərlərimizin yanında olmuşam, II Qarabağ savaşında da. 2020-ci ilin oktyabr ayının 1-dən 30-na qədər cəbhənin müxtəlif istiqamətlərində igid oğullarımızın yanında olmağım mənə bu qələbəni qazandıraanların gözlərinin, simalarının qəzəb və sevincini, intiqam hisslərini yaşamalarınıı yaxından görməyi nəsib etdi . Hər iki müharibədə dəmir bilək oğullarımızın yurd üçün, Vətən üçün necə çarpışmasının, vuruşmasının şahidi və iştirakçısı olmuşam, yazılar yazıb, reportajlar hazırlamışam. Qələbəyə, qalib olmağımıza həmişə inanmışam.
Yüzlərlə oğllarımızın şəhadətə qovuşduğu bu illərdə köksümüzə saplanan xəcalət xəncərini çıxararaq düşmənin və onların havadarlarının sinəsinə saplamaq necə də qürurverici oldu.
Bu müharibədə “AXDG” QSC-nin də əməkdaşları əzmlə, qorxu bilmədən çarpışdı. Necə ki, I Qarabağ savaşında dənizçilərimiz qəhrəmanlıq göstərmiş, şəhid və qazi olmuşdu.
Vətən müharibəsində vuruşan igid dənizçilərimizin arxada gözləri qalmadı. ASCO rəhbərliyinin, xüsusilə də sədr Rauf Vəliyevin qayğısı, diqqəti döyüşən dənizçilərin hər bir kiçik sıxıntısının qarşılığını verdi, onların təminatını, mənəvi qidalarını, ruh düşkünlüyü yaşamamalarının həllini çözdü. Əlbəttə ki, döyüşçünün bir amalı olur – ancaq düşmənə yerini göstərsin, onlara dəmir yumruqla kimliklərini başa sala bilsin.
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi olaraq biz də 44 günlük Vətən müharibəsi dönəmində və müharibədən sonra, zərrə qədər də olsa, nələrsə etmək istədik və buna nail də olduq. Əsas odur ki, İB-in səyi və gərgin əməyi nəticəsində 300 nəfərdən çox dənizçi və dəniçi ailəsi övladlarının həyat və döyüçş yolunu özündə əks etdirən “Dənizçilərimiz Vətən müharibəsində” kitabını yazıb araya-ərsəyə gətirdik. Kitabın nəşr olunması üçün maliyyə dəstəyi göstərən ASCO sədri R. Vəliyevin xeyirxahlığını da unutmayaq.
İki il çox az bir məsafədir. Amma çox qürurverici bir tarixin yaşantısını özündə ehtiva edən bir zamandır. Bu iki il 20, 200 il də olacaq və tarixə qələbələrimizin ən önəmlisi kimi daxil olacaq.