Şuşa şəhərində Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladlarının iştirakı ilə baş tutan “Zəfər” Yay Məktəbinin bağlanış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Prezidentin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Ombudsman Səbinə Əliyeva, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Bank Respublikanın idarə heyətinin sədri Tariyel İsmayılov, şəhid ailələri, qazilər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Açılış nitqi ilə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə layihə haqqında geniş məlumat verib və layihənin ərsəyə gəlməsində hər kəsə öz təşəkkürünü bildirib.
Sonra çıxış edən Prezidentin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qeyd edib ki, şəhid övladlarının yay məktəbinin bağlanış mərasiminin müqəddəs Şuşa şəhərində keçirilməsi şəhidlərimizin arzularının reallaşdırılmasının nəticəsidir. “Şuşa İli” çərçivəsində reallaşdırılan bu layihə qəhrəman oğullarımızın əziz xatirəsinin daima qəlbimizdə yaşadığını göstərir.
Ombudsman Səbinə Əliyeva yay məktəblərinin böyüyən nəslin inkişafında əhəmiyyətindən danışıb və “Zəfər” Yay Məktəbinin şəhid övladlarının bacarıqlarının formalaşmasında, arzularının reallaşmasında rolundan bəhs edib.
Sonra çıxış edən Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək bildirib ki, Agentliyin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin “Zəfər” Yay Məktəbi layihəsinin müxtəlif istiqamətlər üzrə şəhid övladlarının bacarıqlarının artırılmasında böyük əhəmiyyəti olacaqdır.
Daha sonra çıxış edən digər natiqlər Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Bank Respublikanın idarə heyətinin sədri Tariyel İsmayılov tədbirlə bağlı fikirlərini bölüşərək bilidiriblər ki, şəhid övladlarının Şuşa şəhərində təqdim etdikləri bugünki, ilk sənət nümunələri onların həyatında xüsusi yer tutacaq.
Tədbirin sonunda şəhid övladlarının “Zəfər” Yay Məktəbi təlimləri nəticəsində hazırladıqları kiçik sənət əsərlər nümayiş olunub və onların iştirakı ilə bədii hissə təqdim olunub.