Baki Modern Təhsil Kompleksində şagirdlərin biliklərə yiyələnməsi, dünyagörüşünün zənginləşməsi, ana dilimizlə yanaşı, xarici dillərin mükəmməl tədrisi, onlara Vətən sevgisinin, yurd məhəbbətinin aşılanması yönündə görülən tədbirlərdən söz açmağa dəyər.
Ən yüksək insanı hiss olan vətənpərvərlik bütün ömür boyu bizi müşayiət edir, həyat yollarımızı işıqlandırır. Uşaqları, yeniyetmələri erkən yaşlardan yurda bağlılıq ruhunda tərbiyələndirmək,Vətən naminə fəaliyyətə ruhlandırmaq, qalib bir ölkənin övladları kimi yetişdirmək olduqca mühümdür. Bu fikirlər tanınmış yazıçı-publisist, Əməkdar jurnalist, Qarabağ mövzusunda əsərlər müəllifi Zemfira Məhərrəmli ilə bu təhsil ocağında keçirilən görüş zamanı səsləndirilmişdir.
Məktəbin kitabxanasında düzənlənmiş görüşdə müəllimlər və şagirdlər müəllifin İstanbulda nəşr edilmiş “Zafer yolcuları” kitabı (tanınmış türk yazarı İmdat Avşarın tərcüməsində) ilə bağlı mülahizələrini söyləmişlər. Qeyd olunmuşdur ki, bu gün də ürək döyüntümüz olan Qarabağ müəllifin adı çəkilən Zəfər kitabının əsas mövzusudur. Bu əsər taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Zemfira Məhərrəmlinin bu kitabında toplanmış bədii və sənədli hekayələrdə intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən igidlərin hünərindən, hər birimizə böyük coşğu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edilir.
Şagirdlər millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin, Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruqtək birləşərək göstərdiyi qəhrəmanlıq, hünərvər qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin rəşadətini vəsf edən şeirlər söyləmiş, müəllifin Azərbaycan, ingilis, türk və rus dillərində hekayələrindən parçalar səsləndirmişlər.
Müəllif dəvətə görə və vətənpərvərlik mövzusunda maraqlı diskussiya üçün təhsil kompleksinin rəhbərliyinə, pedaqoji kollektivə, kitabxananın əməkdaşlarına və şagirdlərə minnətdarlığını bildirmişdir.
Müstəqil.Az