Zəfərin mübarək, can ana!

Zəfərin mübarək, can ana!

Elimizdən, obamızdan didərgin düşəndə neylədik anamı Bərdədən bu tərəfə gətirə bilmədik. Dedi, buradan yurdumun qoxusunu alıram. Neçə yer dəyişdik, gördük ev-evə sığmır.

Çölün ortasında gəlib təmənnasız, minnətsiz dəmir vaqona yerləşdik. Elə buna görə də dəmir evimiz birinci bizə rahat gəldi. Onda hələ qış gəlməmişdi, havalar xoş idi. Elə ki, qış gəldi, sanki soyuq bir müharibə başladı. Soyuqla bacara bilmədik…

 

Qar yağır ürəyimə

 

Əlim qələm də tutmur,

Varaq üstə qan sıza.

Qar yağır ürəyimə

Əllərim dönür buza.

 

Bizi çölə atanlar

De, hardadırlar, harda?

Şaxta ilana dönür

Bu dəmir parçasında.

 

Əlini ovuşdurur,

Üzünü ovuşdurur.

Körpənin gülüşünü

Şaxta vurur, don vurur…

 

Yeddibaşlı şaxtaya

Bir cüt göz yaşı neylər?

Körpələrin xətrinə.

Allah, qışı yaz eylə!

Sarılıq xəstəliyinə tutulub xəstəxanada 20 gün müalicədən sonra Bakıya yataqxanaya gəlmişdim. Bax, bu şeiri də həmin vaxt yazmışdım.

Anam soyuqdan da betər oldu, onu yola gətirə bilmədik. Dedi, o göyün üzündə dura bilmərəm, ürəyim partlayar. Bakıda bacımın məskunlaşdığı yataqxana binasının 8-ci mərtəbəsini deyirdi. Anam oranı xəstələnib (xərçəng xəstəliyi) həkimə gələndə görmüşdü. Bir neçə il sonra elə o dəmir vaqonda da üzünü Ağdama, Qiyaslı kəndinə çevirib can verdi anam… Ona elə Ağdamda köçkünlər üçün tikilən o ev, həyət-baca qismət olmadı…

Bu gün Ağdam da, bizim kəndimiz Qiyaslı da işğaldan azad olub, can ana! Amma sənin o yaraşıqlı böyük ikimərtəbəli evinin yerində bircə daş da nişanə qalmayıb. Videoları dönə-dönə izləmişəm. Qonşumuz o səsi limonlu xanəndə Şahmalı Kürdoğlunun hasarının dibində, künbəzlərdən bir az daş qalıb. Bax ondan bilinir ki, o kol basmış, dəmir-dümür tökülmüş “viranə” bizim evimizin yeridir. Dəqiq bilirəm, gözlərimlə görürəm bizdən bir nişanə yoxdur, amma fürsət düşən kimi yenə baxıram, yeni videoları izləyirəm. Nağıllardakı kimi sanki evimiz şah sarayıtək birdən peyda olacaq… Nədən o yandırılmış, dağıdılmış tanınmaz hala gəlmiş yurddan ayrıla bilmirəm, nədən, – deyə sual verirəm özümə.

 

O məmim uşaqlıq xəyallarımdı,

Ona qurban olmaz hər yoldan ötən.

Evimizin bircə daşı qalmayıb

Bəs niyə bu qədər şirindir Vətən?!

 

Vətən bax belə çəkir adamı özünə. O torpağın şirinliyini, doğmalığını ancaq bizim kimi otuz ilə yaxın həsrət çəkənlər bilər…

Atam evimizi elə gözəl sal ağ daşlardan tikdirmişdi ki, düşmən tamahını saxlaya bilməyib, qırıntılarına qədər yığışdırıb İrana aparıb. Orada bizim evlərimizin daşlarından deyirlər, bir kənd salınıb…

Mən də sənin kimi elimizə-obamıza qayıdacağımız günə inamımı heç itirmədim, ana. Yan-yörəmdə o qədər “Əşi, daha o torpaqlar getdi, onu bir də yuxuda görərsiniz”, deyənlər oldu ki, hərdən onlarla davaya da çıxdım. Zəfər günüdə onlara deyəndə ki, – gördünüzmü, deyirdim axı o gün gələcək. Onda sözlərini danmağa başladılar. Qəlbimizdən, dərdimizdən xəbərsiz adamlar…

Biz bu günlərə bax belə ürək ağrısıynan, atamız şəhid, qardaşlarımız qazi, min bir ağrı-acımızla gəlib çatdıq.

Bizə bu möhtəşəm, sözə sığmayan ZƏFƏR sevincini yaşadan Ali Baş Komandanımıza, Ordumuza var olsun, deyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı bahasına bu gün müqəddəs bayrağımız Şuşada göyün üzündən dünyaya dalğalanır… Qazilərimizə Allahdan cansağlığı, şəfa diləyirik.

Sənin də, ruhun şad olsun, Zəfərin mübarək, can ana!

Share: