Zəhərlənən pambıqçılardan XƏBƏR VAR

Saatlının Sımada kəndində zəhərlənən 4 nəfərin vəziyyəti orta-ağır olaraq qalır:

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, pambıq sahəsində baş verən zəhərlənmədə zərərçəkən 24 nəfərdən 4-ü Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə gətirilib:

“Hadisə ilə bağlı Bakı şəhərindən həkim briqadası Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub. Həkimlər xəstələrin vəziyyəti ilə tanış olaraq, onlara tibbi yardım göstəriblər. 4 nəfər qadının vəziyyəti orta-ağırdır. Bakıdakı Toksikologiya Mərkəzində onların müalicələri davam etdirilir”.

***

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən 24 işçinin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Bu barədə Publika.az-a Saatlı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 24 nəfərdən 20-si artıq evə buraxılıb:

“Xəstəxanaya zəhərlənmə ilə 24 nəfər gətirilmişdi. Onlardan 2 nəfərin vəziyyəti yaxşılaşıb. Öz istəkləri və həkim rəyi ilə evə – ambulator müalicəyə buraxılıblar. 18 nəfər isə hazırda xəstəxanada stasionar müalicəsini davam etdirir. Onlardan 2 nəfərin vəziyyəti stabil olaraq qalır. 16 nəfərin vəziyyəti isə qənaətbəxşdir, günün sonuna kimi onların da evə buraxılacağı gözlənilir”.

Xəstəxanadan işçilərin kimyəvi maddədən inqaliyasion zəhərlənmə keçirdikləri deyilib: “Pambıq sahəsində həşəratların və alaq otlarının məhv edilməsi üçün dərman vurulub. İşçilər də həmin sahədə zəhərləniblər”.

Saatlı rayon Sımada kənd bələdiyəyə  verilən məlumata görə, işçilərin zəhərlənməsinin dəqiq səbəbləri araşdırılır: “Ərazidə mütəxəssislər tərəfindən araşdırma aparılır. 24 nəfər kimyəvi maddədən zəhərlənib. Hazırda xəstəxanadadırlar. Daha əvvəl belə bir hal baş verməyib”.

Xatırladaq ki, hadisə iyun ayının 10-da axşam saatlarında Saatlı rayonunun Sımada kəndi ərazisində pambıq tarlasında baş verib. Bir qrup işçi pambıq tarlasında kütləvi şəkildə zəhərlənib.

Zəhərlənən 24 işçidən 8-i kişi, qalanları qadındır.

Share: