Zəka Vilayətoğlu “Bataqlığ”ı təqdim edib

İyulun 7-də Kitab evim.az mağazalar şəbəkəsinin 28 may filialında  tanınmış yazıçı-şair, bəstəkar-müğənni, AYB nin üzvü, Prezident təqaüdçüsü Zəka Vilayətoğlunun “Bataqlıq” adlı kitabının imza gün keçirildi. Qeyd edək ki, bu kitab müəllifin oxucularla 7-ci görüşüdür. Kitaba bir povest və  on dörd  hekayə daxil edilib.

Tədbirə tanınmış yazarlar, şairlər, mətbuat işçiləri və oxucular qatılıb. Tədbiri giriş söz ilə açan Zəka Vilayətoğlu bildirdi ki, bu günkü kitab təqdimatı əslində oxucu ilə kitab arasındakı məsafəni bir qədər də qısaltmaq, kitaba, mütaliəyə olan marağı  imkan qədər artırmaq məramına xidmət edir. O, bildirdi ki, “Bataqlıq” kitabındakı əsərlərin bir qismi tanınmış mətbuat orqanlarında yayımlanıb və marağa səbəb olub. Sonra o, kitabın ərsəyə gəlməsindən, kitabdakı hekayələrin yazılma tarixindən söz açdı.

Kitabın redaktoru, yazıçı Narıngül Nadir çıxış edərək bildirdi ki, Zəka Vilayətoğlunun  müəllifi olduğu “Bataqlıq” kitabındakı  nəsr əsərləri istər təhkiyə, üslub, sujet xətti, istərsə də, mövzu baxımından öz müsbət  həllini tapmış bədii nümunələrdir. Əsərlədəki  yüksək kaloritli bədii dil, ədəbi dilin normalarının qorunması, birbaşa oxunan axıcı təhkiyə kitabda dəyər verdiyim əsas xüsusiyyətlərdir. Coğrafi məkanlarda baş verən hadisələr, daxili insani keyfiyyətlərini əsər boyu sərgiləyən müxtəlif insan tipləri, insan psixologiyasının incəlikləri kitaba oxucu marağını artırır. “Bataqlıq” kitabına daxil edilmiş hekayələrdəki  hadisələrin reallığı, müasir zamanın ictimai-siyasi problemlərini əks etdirən aktual mövzular  müəllifin peşəkarlığından xəbər verir və kitabın uğurlu olacağına əminlik yaradır.

Çıxıış edən yazıçı Nurəddin Ədiloğlu Zəka Vilayətoğlunun yazıçı kimi özünü təsdiq etməsindən və bundan əvvəl işıq üzü görmüş “Milena” kitabından söz açdı. Bildirdi ki, Zəka Vilayətoğlunun bundan əvvəlki kitabları maraqla qarşılanıb və “Bataqlıq” kitabının da oxucu marağna səbəb olacağına inanır.

Bakı Şəhər İcra Hakimiyyəti Həmkarlar İttifaqının sədri, şair Qəzənfər Bəxtiyar  Zəka Vilayətoğlunun yazılarını maraqla oxuduğunu, eyni zamanda, onun musiqilərinin vurğunu oduğunu, həm də bir insan kimi  yüksək  şəxsi keyfiyyətlərə malik olduğunu vurğuladı.

Şair Rəbiqə Nazimqızı: “ Zəka Vilayətoğlunun hekayələrini ayrı-ayrı mətbuat orqanlarından oxuyub bəyənmişəm,  “Bataqlıq” kitabını da mütaliə edəcəyim kitablar sırasına  qatıram və arzu edirəm ki, növbəti kitabın adı “rahatlıq” olsun.

Tanınmış  söz adamları Ayaz Arabaçı, Eyvaz Zeynalov, Aləm Kəngərli, Adilə Nəzər, Zahid Sarıtorpaq, Hacı Malik Xəlil Ağagüloğlu, Mübariz Məsimoğlu, Fərqanə Mehdiyeva, Damət Salmanoğlu, Nəcibə İlkin,  Oqtay Şəfiyev, Yafəs Türksəs, Rəfael Tağızadə, Yadigar Təvəkkül, İdris Babayev və başqaları çıxış edərək kitab haqqında, eləcə də bu günki ədəbi durum barəsində öz fikir və arzularını səsləndirdilər.

Sonda xatirə şəkilləri çəkildi.

Narın GÜL

Share: