Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 5, 7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xaçmaz rayonundan 46 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Zəlzələ o cümlədən, Bakı və Abşeron yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.
“Qafqazinfo” zəlzələ zamanı davranış qaydalarını təqdim edir:
Zəlzələ zamanı nə etməli?
– ilk təkanı hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxtınız olduğunu bilin;
– evdən çıxarkən ehtiyat çantası və mobil telefonunuzu götürün;
– qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün;
– binanı tərk edib açıq və təhlükəsiz yerdə dayanın;
– əgər binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalın;
– liftdən istifadə etməyin;
– təşvişə düşüb yüksək mərtəbədən tullanmayın;
– evdə təyin etdiyiniz təhlükəsiz yerə (yükdaşıyan divar və beton sütun) keçin;
– dəmir ayaqlı masa varsa, onun altına girin;
– diz üstə çökün və ya böyrü üstə uzanıb ayaqlarınızı bükün və əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qorunun;
-yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın.
Zəlzələ sizi küçədə haqlayıbsa:
– bina, elektrik dirək və xətləri, sıldırımlı yerlər, körpülərdən uzaq durun, dərhal açıq sahəyə çıxın;
– əgər avtomobillə açıq sahədə hərəkət edirsinizsə, onu dayandıraraq pəncərələri bağlayıb, içində təkanların bitməsini gözləyin;
– əgər avtomobillə binaların yaxınlığında hərəkət edirsinizsə, dərhal onu tərk edib, açıq sahəyə çıxın.