“Palmali” Şirkətlər Qrupu Türkiyənin zəlzələ baş verən Hatay vilayətində dağıntılardan zərərçəkmiş əhaliyə yardımları davam etdirir. Bu məqsədlə Samandağ bölgəsində “Palmali” çadır şəhərciyi qurulub.
Şirkətin sözçüsü Fidan Quliyeva “Qafqazinfo”ya bildirib ki, evləri dağılan əhali bu çadırlarda məskunlaşıb: “İnsanlar əvvəlki zəlzələdə dağılmış evlərinin yanında dururdular. Dünənki zəlzələdən sonra qorxudan orada durmamağa başladılar. Yaxşı ki, dünən çadır şəhərciyini qurub təslim etdik. Zəlzələdən sonra əhali ora axın elədi. Hazırda çadır şəhərciyində 10 nəfər əməkdaşımız xidmət göstərir”.
F. Quliyevanın sözlərinə görə, zəlzələ bölgəsində “Palmali” şirkəti tərəfindən həmçinin 6 minə yaxın insana xidmət edə bilən “Aş evi” fəaliyyət göstərib. Ötən gün baş verən zəlzələdə artıq həmin ev də dağılıb: “Hər gün səhər “Aş evi”ndə 2-2,5 min insan səhər yeməyi yeyirdi. Zəlzələdən sonra yeməkləri mühafizə etdiyimiz depomuz aşdı, yeməklər orada qaldı. Ona görə də bu gün səhər insanlara yemək verə bilməmişik. Bu gün İstanbuldan ora yenidən yemək göndərdik. Günorta yeməyinə qədər “Aş evi”ni hazırlayacağıq”.
Qeyd edək ki, “Palmali Holding”in zəlzələdə zərərçəkənlər üçün fərdi olaraq başlatdığı yardım kampaniyasının dəyəri 25 milyon TL-ni ötüb.