Zəmanətli və etibarlı əməkdaşlıq

Zəmanətli və etibarlı əməkdaşlıq

Bildiyiniz kimi, Prezident cənab İlham Əliyevin iştirakı ilə oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu.
“Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməyə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq. Faktiki olaraq bu gün biz çox qısa zamanda 1 giqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasiminin şahidi olacağıq”, – deyə dövlətimizin başçısı Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.
Daha sonra Prezident öz çıxışında ölkəmizdə yeni sənaye inqilabının enerjisini hazırlayan bölgələrin də xəritəsini cızaraq deyirdi: “Eyni zamanda, sizə məlumat vermək istəyirəm ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”.
Bununla belə, ölkə rəhbərinin alternativ enerji qaynaqlarının istismarını inqilabi proses adlandırmasının bir başqa səbəbi də var ki, bu təşəbbüslərin qlobal sənaye inqilabına bəxş etdiyi töhfələrdən gedir. Təsadüfi deyil ki, cənab İlham Əliyev çıxışında da dünyada ilk neft yataqlarının istismarının Azərbaycanla başladığını xatırlatmışdı. “Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir” cümləsi də bu fikrimizi təsdiqləyir.
Göründüyü kimi, Prezident cənab İlham Əliyev alternativ enerji mənbələrinin istismarını əsasən iqlim dəyişikliyinə göstərəcəyi müsbət töhfələrlə əlaqələndirib.
Ümumiyyətlə, son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksək səviyyəli ikitərəfli münasibətlər var. Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulmuşdur. 2001-ci ildə səfirliyimizin bu ölkədə təsis edilməsindən sonra inkişaf etməyə başlayıb. Qısa müddət ərzində bir sıra qarşılıqlı səfərlər təşkil edilib, əlaqələrin ilkin olaraq inkişaf etdirilməsi üçün müxtəlif sahələri əhatə edən müvafiq sənədlər imzalanıb.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Ölkə rəhbəri öz çıxışında qeyd edib ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük planları var. Bu gün bu əməkdaşlıq sayəsində çox qısa zamanda 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasimi keçirilib.
Xatırlatmaq istəyirəm ki, 2021-ci ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt/st elektrik enerjisi istehsal olunacaq. Bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir və tam olaraq xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulub.
Əlbəttə ki, sonda məndə bildirmək istəyirəm ki, daha firavan həyat üçün ekologiyanı kirlətməyə haqqımız yoxdur.

Əbilfəz Mahmudov, energetik

Share: