Hazırda yaşanan Zəngəzur dəhlizi problemi Rusiya Federasiyasının Kalininqrad məsələsini xatırladır.
Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a beynəlxalq siyasət və hüquq üzrə israilli mütəxəssis Mixail Finkel deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi Naxçıvanda yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması səbəbindən Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir:
“Bu yaxınlarda Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Zəngəzur dəhlizinin, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən və Ermənistan ərazisindən keçməli olan 40 kilometrlik arteriyanın taleyi ilə bağlı görüş oldu. Azərbaycan üçün təbii ki, bu, ən vacib məsələdir. Söhbət coğrafi baxımdan Azərbaycanla əlaqəsi kəsilmiş regionda yaşayan azərbaycanlıların güzəranının yaxşılaşdırılmasından gedir. Şəxsən bu, mənə bir vaxtlar Rusiya Federasiyasında olan eyni problemi, Kalininqrad vilayətinin fəaliyyətinin təmin edilməsi məsələsini xatırladır. Bildiyiniz kimi, Kalininqradın Rusiya Federasiyası ilə birbaşa əlaqəsi yox idi. Buna görə də Rusiya Federasiyasının Kalininqrad vilayətinə çıxışı, rus maşınlarının sərbəst hərəkəti qanuni olaraq təmin edilib”, – deyə Finkel bildirib.
Analitikin nəzərinə görə, Zəngəzur dəhlizi ilə bağlı bu gün yaşadığımız problem eyni şəkildə həll olunmalıdır.
Müstəqil.Az