Zəngəzur qəzasının gerçək sahibi

Zəngəzur qəzasının gerçək sahibi

Prezidentin xeyir-duası və rəsmi fərmanı ilə siyasi leksikonumuza “Şərqi Zəngəzur” siyasi termininin, coğrafi-iqtisadi anlayışının daxil edilməsi, eləcə də Xankəndi, Xocalı, Xocavəndin Qarabağ iqtisadi rayonuna daxil edilməsi son günlərin ən mühüm hadisəsi sayılmalıdır.

Bu addım öz əhəmiyyətinə və çəkisinə görə 10 noyabr Bəyanatından və 15 iyun Bəyannaməsindən (Şuşa bəyannaməsi) əsla geri qalmır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı fərmana əsasən bir tərəfdən Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ilə bir tərəfdən isə çox gözəl addımdır bütün dünya ictimaiyyətinə açıq mesaj verilir ki, Zəngəzur bütövlükdə tarixi Azərbaycan torpağıdır və bu gün həmin torpağın bir hissəsi – Qərbi Zəngəzur faktiki olaraq Ermənistanın girovluğunda qalmaqdadır. Azərbaycan Prezidenti “Şərqi Zəngəzur” ifadəsini dövriyyəyə gətirməklə bölgədə yeni geosiyasi reallığın təməlini qoyur. Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının “Şərqi Zəngəzur” adı altında vahid iqtisadi rayonda birləşdirilməsi necə deyərlər, günümüzün zəruri tələbi idi. Eyni zamanda bununla həm də tarixi ədalətin bərpası üçün, Zəngəzur qəzasının gerçək sahibinin kimliyini dünyaya bəyan etmək üçün hüquqi zəmin yaradılmış oldu.
Ağdam, Şuşa, Füzuli, Tərtər, Ağcabədi və Bərdə rayonları da daxil olmaqla Xocavənd, Xocalı rayonları və Xankəndi şəhərinin yeni Qarabağ iqtisadi rayonuna daxil edilməsi isə işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsinə təkan verməklə bərabər, həm də “Dağlıq Qarabağ münaqişəsi”nin və qondarma “Artsax” anlayışının həmişəlik olaraq tarixə gömülməsi baxımından da olduqca əhəmiyyətlidir. Bu o deməkdir ki, artıq nə status söhbətinə heç bir yer qalmayıb, nədəki düşmən bizim Xankəndidən, Xocalıdan əl çəkdiyimizi əsla düşünməsin. Sözügedən fərmanın imzalanması ilə rəsmi Bakı hamıya mesaj verdi ki, Azərbaycan Xankəndi, Xocalı, Xocavənd üzərində öz suverenliyini dinc yolla bərpa etmək əzmindədir və bu qaçılmazdır. İndi artıq Xankəndində tezliklə Azərbaycan bayrağının dalğalanacağına heç kimdə zərrə qədər də şübhə yeri qalmadı. Yəni ki, orada yaşayan mülki ermənilər də artıq bu yeni reallığa hazır olsunlar. Ölkəmizin digər ərazilərində olduğu kimi Xankəndidə və ətraf ərazilərdə də yalnız Azərbaycan qanunları işləyəcək. Bu rəsmi Bakının prinsipial mövqeyidir və bu mövqe həqiqətən də alqışa layiqdir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: