Azərbaycanla Çinin birgə iqtisadi səyləri

Azərbaycanla Çinin birgə iqtisadi səyləri

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə neft-qaz gəlirlərindən asılılığı azaltmağa çalışır.

Son 20 ildə Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib. Dövlət tərəfindən sahəyə böyük həcmli investisiyalar yönəldirilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynayıb. Bu, eyni zamanda ölkəmizin tranzit potensialını daha da gücləndirib. Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər. “Şərq-Qərb nəqliyyat dəhlizi” Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir. Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində beynəlxaq tranzit imkanlarının genişləndirlməsində “Bir kəmər, bir yol” təşəbbüsünü yüksək qiymətləndirib. Onun sözlərinə “Bir kəmər, bir yol” təşəbbüs indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi: “Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı”.
Azərbaycana investisiya yatıran ölkələrin sayı artmaqdadır. 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalar 28,6% artaraq 4,6 milyard ABŞ dollara yüksəlib. Azərbaycan iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8% təşkil edib. Buna görə də Prezident İlham Əliyev müsahibədə Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu əminliklə qeyd edib: “Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir”.
İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9000-dən çox şirkəti qeydiyyatdan keçib. Xarici şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də fəal iştirak edirlər. Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində bir çox ölkələr kimi Çin də Azərbaycana əhəmiyyətli həcmlərdə investisiya yatırıb. Cənab Prezident müsahibəsində Çinlə perspektiv əməkdaşlıq əlaqələrindən də danışıb: “Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir”.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə neft-qaz gəlirlərindən asılılığı azaltmağa çalışır. Bu baxımdan Azərbaycan xarici ölkələrlə, o cümlədən Çinlə də yeni müstəvidə iqtisadi əməkdaşlıq əlaqələrini durmadan artırır. Cənab Prezidentin müsahibəsindən görünür ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı da əlavə etmək niyyətindədir. Bu və digər istiqamətlərdə hər iki ölkənin öz təcrübə və səylərini birləşdirməsinin çox böyük iqtisadi faydası olacaq.

Qasımov Səyavuş Kamran oğlu,

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Share: