Zəngilanın daha 127 sakini doğma yurduna yola salınır

Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınır.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə – 127 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.

Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma oktyabrın 20-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edirlər.

Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 175-ə (871 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.


Share: