Salam SARVAN yazdı
Susmaq qızıldı
Amma gərəkdi ki, onu qulağunda sırğa eləyəsən.
Bəli, zər qədrini zərgər bilər, dul qədrini dülgər bilər… dil qədrini də dilgər bilər, inşallah. Bir şeyi ki bilmirsən, sus… bilirsənsə, dinmə. Əvvəl düşün nə danışacaqsan, sonra isə sus. Görsən, elə nadanlıqlar baş verir ki, susa bilmirsəən, susmağa ayrı bir mövzu tap və sus.
Özgəsinə quyu qazan özü düşər.
Bəli, sən heç vaxt özgəsinə quyu qazma… çalış ki, o quyunu həmin adamın özünə qazdırasan. Özgəsinə quyu qazanda isə elə qaz ki, həmin quyudan səngər kimi istifadə eləyə bilməsin. Bilginən, özgəsinə quyu qazmasan, sən özün o qazmadığın quyuya düşəcəksən.
Pul əl çirkidi
Amma, bu söz halal, təmiz pula aiddi: çirkli pul əl çirki deyil. Pulu havaya sovurmaq günahdı, gərəkdi ki, pulu qara günçün yığasan… yığasaan və sonra da oturub həmin qara günü səbirsizliklə gözləyəsən. Yox əgər pulu havaya sovurmaq istəsən, çalış ki, bu əməli külək sənə tərəf əsəndə eləyəsən.
Əyri oturaq, düz danışaq
Yəni əməlimiz əyri olsa da olar, təki sözümüz düz olsun. Amma sən heç nə danışma və heç bir iş görmə ki, sözünlə əməlin arasında da uyğunsuzluq olmasın. Yox əgər iş görənsənsə, çalış ki bu günün işini sabaha qoymayasan: çalış bu günün işini birisi günə qoyasan ki, avaralanmağa iki gün boş vaxtın olsun. Bacarmadığın işin qulpundan yapışmağa qorxma: unutma ki, Nuhun gəmisini həvəskarlar qayırmışdı, Titaniki isə peşəkarlar – axırı nooldu?!