Ukrayna Silahlı Qüvvələrinin desant-həmlə qoşunlarının bölmələri Nikolayev vilayətində əks-hücuma keçiblər və işğalçı Rusiya qüvvələrini mühasirəyə alaraq iki yaşayış məntəqəsindən vurub çıxarıblar. Bu haqda desant-həmlə qoşunlarının mətbuat xidməti bildirir.
Məlumata əsasən desantçılar yaşayış məntəqəsini iki cinahdan mühasirəyə alıblar, ardınca kəndin azad edilməsi əməliyyatı başlayıb. Döyüşlər nəticəsində işğalçılar yaşayış məntəqəsindən tam təmizlənib, onlar canlı qüvvə və texnika sarıdan itki veriblər. Ukrayna döyüşçüləri bir neçə hərbi texnikanı qənimət olaraq ələ keçirib.
Hərbi jurnalist Yuri Butusov da bu döyüşlər haqda özünün Facebook səhifəsində yazıb. Bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Peski və Xristoforovka kəndləri istiqamətində uğurlu əks hücum həyata keçirərək Rusiya qoşunlarını geri oturdublar. Bu zaman düşmənin BTR-80 komanda-qərargah maşını, 4 MTLB, artilleriya diviziyonunun komandirinin idarəetmə maşını məhv edilib. Bunlar Rusiya ordusunun 205-ci motoatıcı briqadasının texnikasıdır. Habelə bir neçə hərbi yük avtomobilinin də yandırıldığı bildirilir. Butusov Rusiya texnikasının utilizasiyasında yerli sakinlərin də fəal iştirak etdiyini deyib.
Habelə Kiyev ətrafında ötən gün Rusiya ordusunun reaktiv artilleriya bölməsinin darmadağın edilməsini əks etdirən videokadrlar yayılıb. Həmin mövqelərdən ruslar Kiyevi atəşə tuturdu. Kadrlara əsasən ukraynalı döyüşçülər meşədə yerləşdirilmiş “Qrad” qurğularını, BMD-4D desant-döyüş maşınını, “Ural” yük maşınlarını, “Akasiya” qaubitsalarını və MTLB bazasında komanda-qərargah maşınını məhv ediblər.
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı isə düşmənin Kiyev vilayətinin Brovarı şəhəri istiqamətində yeni hücum cəhdi göstərdiyini, lakin böyük itkilər verərək geri oturdulduğunu bildirir. Baş qərargah bildirir ki, Kiyev ətrafında Rusiya qoşunları tutduqları mövqelərdə möhkəmlənməyə çalışır və mühəndis qurğuları yaradır, vallar düzəldir. Habelə təminat zənciri yaratmağa çalışır, lakin ukraynalı döyüşçülər düşmənin təminat zəncirini pozmaqda davam edirlər.
Ukrayna prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bu gün keçirdiyi brifinqdə deyib ki, Rusiya ordusu hücum potensialını demək olar itirib. “Düşmən Ukrayna ərazisinin hər hansı istiqamətində hücum etmək imkanını demək olar ki, itirib və ancaq taktiki fəaliyyətlərlə məşğuldur, ehtiyat qüvvələr səfərbər etməyə çalışır, ancaq bizim raket və artilleriya qüvvələrimiz onlara sarsıdıcı zərbələr vurur”, – Arestoviç bildirib.
O qeyd edib ki, ötən sutka ərzində də xüsusən gecə saatlarında Ukrayna ordusu düşmənə bir neçə istiqamətdə sarsıdıcı zərbə vurub. Arestoviçin sözlərinə görə, bu günə qədər Rusiya ordusunun 11 batalyon tankı, 34 batalyon zirehli döyüş maşınları, 5 diviziyon reaktiv-artilleriya sistemləri, 17 diviziyon artilleriyası, az qala 5 aviapolku və 5 vertolyot polku məhv edilib. “Bu isə Rusiyanın üç zərbə ordusunun komplektləşdirilməsi üçün tələb olunan sayda texnika deməkdir. Yəni biz Rusiyanın üç zərbə ordusunu və bir hava ordusunu məhv etmişik. Rusiyanın isə cəmi 10 zərbə ordusu var idi”, – o deyib.
virtualaz.org
Müstəqil.Az