Zahid Xəlilin “Dəmir yumruq dastanı” kitabının təqdimatı keçirildi – FOTO

Zahid Xəlilin “Dəmir yumruq dastanı” kitabının təqdimatı keçirildi – FOTO

Ədəbiyyat İnstitutunda Zahid Xəlilin “Dəmir yumruq dastanı” kitabının təqdimatı keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş görkəmli uşaq yazıçısı Zahid Xəlilin “Dəmir yumruq dastanı” kitabının təqdimatı keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq giriş nitqi söyləyib. Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, müstəqilliyin bərpası günündə həmin günün ideallarına tamamailə cavab verən bir əsərin müzakirəsini keçiririk. Bu bizim görkəmli şairimiz Zahid Xəlilin “Dəmir yumruq dastanı”dır. Adından da göründüyü kimi “Dəmir yumruq dastanı” Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Qarabağda baş verən hadisələr, nəhayət, ölkəmizin Prezidenti cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən Qarabağda erməni işğalçıları üzərində tarixi zəfərin qazanılmasına həsr olunub. Bu kitab ideyası və mövzusu, bütün məntiqi və mənası ilə dövlət müstəqilliyinin inkişaf etdirilməsinə, bugünkü günün ideallarına tamamilə cavab verir. Zahid Xəlil Azərbaycanda uşaq ədəbiyyatının yaranması və inkişaf etdirilməsində böyük xidmətləri olan şairdir. Zahid Xəlil sovet hakimiyyəti illərindən başlayaraq Azərbaycanda uşaq ədəbiyyatının inkişaf etdirilməsinə böyük töhfələr vermişdir. Müşahidələr göstərir ki, Azərbaycan ədəbiyyatının digər istiqamətləri ilə yanaşı, uşaq ədəbiyyatı sovet dövründə daha az siyasiləşmiş, idealogiyaya daha az yönəlmiş bir ədəbiyyat kimi formalaşmışdır. Uşaq ədəbiyyatı sahəsində on görkəmli şairimizin içərisində Zahid Xəlil də Azərbaycanda uşaq ədəbiyyatını formalaşdıran, inkişaf etdirən, zənginləşdirən, irəli aparan sənətkarlarımızdandır.

Zahid Xəlil əsasən şeir yaradıcılığı ilə məşğul olur, lakin onun uşaqlar üçün yazdığı nağılvari süjetləri əks etdirən nəsr əsərləri də özünəməxsus dilə, üsluba, orijinal bədii keyfiyyətlərə malikdir. Onun tərcümə və uşaq ədəbiyyatının tədqiqi sahəsində də xidmətləri var. Yəni uşaq ədəbiyyatı anlayışını əhatə edən atributların bütün istiqamətində Zahid Xəlilin böyük əməyi, ciddi fəaliyyəti və uğurları vardır. Uşaq ədəbiyyatına həsr edilmiş ömür uşaqlara həsr edilmiş ömürdür. Uşaqlara həsr edilmiş ömür isə ölkənin gələcəyinə həsr edilmiş ömürdür.

“Dəmir yumruq dastanı” Qarabağ savaşında – Vətən müharibəsində  Azərbaycan Respublikasının Prezidenti qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi zəfərə həsr olunmuşdur. Dəmir yumruq ümumiləşmiş şəkildə ölkə Prezidenti cənab İlham Əliyevin obrazıdır. Əsər “Dəmir yumruq dastanı” adlandığı üçün dastan poetikasının prinsiplərinə əsasən şeirlə nəsrin növbələşməsindən yaranmışdır. Bu əsəri uğurlu ədəbi hesabat kimi qiymətləndirirəm. Müstəqilliyin bərpası günü bu əsərin müzakirəsi xüsusi əhəmiyyətə malikdir. Təklif edirəm ki, uşaq ədəbiyyatı sahəsi üzrə Abdulla Şaiq adına mükafat təsis edilsin və onun ilk laureatı Zahid Xəlil seçilsin.

Sonra filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti Şöhrət Məmmədova “Zahid Xəlilin yaradıcılığı”, Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova “Dəmir yumruq” əsəri vətən müharibəsinin bədii salnaməsi kimi”, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Dəmir yumruq” haqqında dastan – uşaqlara zəfər töhfəsi”, Uşaq ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə “Dəmir yumruq dastanı”nda folklor motivləri mövzularında məruzə ediblər.

Digər iştirakçılardan Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, F.Köçərli adına uşaq kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, şairin qardaşı Tofiq Xəlil, Məzahir Səmədoğlu, İbrahim Yusifoğlu, professor Rafiq Yusifoğlu çıxış edərək, müzakirəsi keçirilən kitabın əhəmiyyətindən danışıblar.

 

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Müstəqil.Az 

Descripción no disponible.

Descripción no disponible.

Descripción no disponible.

Share: