Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” adlı onlayn Beynəlxalq elmi konfrans keçirilib. Dahi özbək şairi, görkəmli dövlət xadimi Zahirəddin Məhəmməd Baburun anadan olmasının 538 illiyinə həsr olunmuş konfransda Özbəkistanın və Əfqanıstanın Azərbaycandakı səfirləri də iştirak ediblər.
Onlayn konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. O, 8 fevraldan başlayaraq bütöv həftənin Özbəkistanla ədəbi-mədəni tədbirlərə həsr edildiyini bildirib. Nizami və Nəvaiyə həsr olunmuş konfransdan sonra Babura konfrans həsr edilməsini qardaşlıq əlaqələrinə nümunə adlandırıb. Azərbaycanla Özbəkistan ədəbi əlaqələrinin inkişafında hər iki ölkənin Yazıçılar Birlikləri ilə birgə Elmlər Akademiyalarının, xüsusilə Ədəbiyyat İnstitutlarının böyük işlər gördüyünü xatırladıb. Ədəbiyyat İnstitutunda görülən işlərə nümunə olaraq Almaz Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri” adlı kitabını, “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışını, Ədəbiyyat İnstitutunda Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzinin yaradılmasını, Ramiz Əskərin tərcümələrini, Həmidulla Baltobayevin İnstitut tərəfindən “İlin alimi” diplomuna layiq görülməsini, Maqsud Şeyxzadəyə aid kitabın çap olunmasını, hər il İnstitutun nəşrləri sırasında Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə aid kitabların yer almasını, Qaraqalpaq və Səmərqənd Universitetləri ilə əməkdaşlıq müqavilələrinin imzalanmasını sadalayıb.
Akademik Əfqanıstan səfirinə tədbirlərimizə qatıldığına görə təşəkkürlərini çatdırıb. Özbəkistanla bərabər Əfqanıstanla əməkdaşlığa hazır olduğumuzu bildirərək səfiri Ədəbiyyat İnstitutuna dəvət edib.
Baburun fəaliyyətinə toxunan akademik İsa Həbibbəyli əlavə edib ki, “biz ümumtürk birliyinə öz töhfələrimizi veririk. Baburların hakimiyyəti dövründə tikilən Tac-Mahal türk memarlığının əzəmətli abidəsidir. Onun inşasında azərbaycanlı memarlar da iştirak ediblər. Baburlar sülaləsi tarixə öz möhürünü vurub. Babur eyni zamanda böyük şairdir. “Baburnamə”nin adını dəyişib “Özbəknamə” qoymaq olar. Onun lirikası ilə yanaşı “Divan”ı da Əlişir Nəvainin “Divan”ı kimi cağatay türkcəsinin qüdrətini yaşadır, gələcək nəsillərə ərməğan edir. Türk dünyasında dövlət xadimi olan mükəmməl şairlər çoxdur. Ədəbiyyat faktoru hakimiyyət faktoruna qol-qanad verir. Baburun hakimiyyəti və yaradıcılığı buna ən bariz nümunədir”.
Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov həftənin birinci günü Nizami və Nəvai yaradıcılığına həsr olunmuş konfranslara da qatıldığını xatırladıb. Babura aid konfransda iştirakından məmnun olduğunu bildirib. Səfir əlavə edib ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyayev ötən dörd ildə bütün sahələrlə yanaşı, elm, ədəbiyyat, mədəniyyət sahələrində də böyük yeniliklərə imza atıb. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin yaradılması, universitetin qarşısında Əlişir Nəvainin böyük heykəlinin qoyulması, xüsusən “Əlişir Nəvai-580 günlərində “Əlişir Nəvai Fondu”nun və “Əlişir Nəvai Ordeni”nin yaradılması, Zahirəddin Məhəmməd Baburun anadan olmasının 538-ci il dönümünün qeyd edilməsi və s. bu kimi ədəbi-mədəni hadisələr ziyalıların, tədqiqatçıların sevincinə səbəb olmuşdur. Səfir Baburu öz dövrünün ensiklopedik şəxsiyyəti adlandıraraq onun hərbi rəhbərliyindən, alimliyindən, böyük şairliyindən, mahir diplomatlığından, vətənpərvərliyindən ətraflı söz açıb. Özbəkistanın müstəqillik qazanmasından sonra hər il Babur günlərinin yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.
Konfransda Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Amanulla Ceyhun türkcə giriş nitqi söyləyərək bu böyük insanları müştərək mirasımız adlandırıb. Bildirib ki, Babur bütün coğrafiyamızın parlaq ulduzudur. Hər iki konfransa qatılmasını böyük qürur adlandıran əfqan səfir ingilis dilində Babur haqqında məqaləsini təqdim edib.
Özbəkistan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə birinci müavini Nadir Xalbutayev giriş nitqində Azərbaycan-Özbəksitan əlaqələrini bütün dünyaya bir örnək adlandırıb.
Sonra İnstitutun Azərbaycan – Türkmənistan – Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi, filologiya elmləri doktorları, professorlar Həmidulla Baltobayev, Cabbar İşankulov, Ramiz Əskər, Dilaram Salahi Babur yaradıcılığına aid məruzələrlə çıxış ediblər.
Özbəkistan Yazıçılar İttifaqının üzvü Mirzə Gəncəbəy çıxışında Baburun altı cildiyinin bu yaxınlarda çap olunduğunu bildirib. Bunlardan əlavə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin şöbə müdiri, professor Nurbay Cabbarov, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, dosent Paşa Kərimov, filologiya elmləri doktorları Yaşar Qasımbəyli, Cəlaləddin Curayev, filologiya üzrə fəlsəfə doktorları Şəhla Məcidova, Obidaxan Fayzullayeva, Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin böyük elmi işçisi Qədir Erqaşev, Özbəkistan Yazıçılar Birliyinin üzvləri Əbdurəsul Cüməqulov, Arif Hacı, Rüstəmcan Ummatov, filologiya elmləri doktorları Bəsirə Əzizəliyeva və Xürrəm Rəhimov Babur yaradıcılığına aid maraqlı məruzələrlə çıxış ediblər.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.Az