Zakir Məmmədin Allahşükür Ağa haqqında fikirləri…

Belə bir məsələ var. Müstəqillik dövrünün şeiri nəsrindən güclüdür. Daha doğrusu, həmin dövrün yetirmələri olan gənc və orta nəslin nasir nümayəndələrindən gözlənti təbii olaraq böyük olsa da, nailiyyət az oldu. Bu, mənim fikrimdir. Hərçənd bir müddət mediada romanın şöhrətindən, şeirin lazımsızlığından çox yazdılar. Ancaq Azərbaycan nəsrinin qazancı 80 və 90-cı illərdə tanınmağa başlayanların hesabına reallaşdı.Söz yox, daha yaşlı nəsil və gənc nəslin də uğurları çoxdur. Lakin S.Vurğun demişkən, “daha mənzillidir şeirin gülləsi”. Allahşükür Ağa müasir şeirimizin ən istedadlı imzalarından biridir.

Ləpir

Axşam qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək yaşayıram.
Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində…
Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.
Başını yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
“Allah, sabahımız üçün də
Bir ayaq saxla.”
Elə sevinirəm ki,
əyilib baxıram
ayaqlarıma…
A.Ağa

Share: