Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkənin şimal-qərb bölgəsindəki meşə yanğınları ilə mübarizə tədbirləri davam etdirilir.
Nazirlikdən “Qafqazinfo”ya verilən xəbərə görə, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətindəki yanğının yayılmasının qarşısı alınıb, hazırda tüstü mənbələrinin söndürülməsi üzrə tədbirlər davam etdirilir.
Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi tədbirləri davam etdirilir.
Bundan əlavə, İsmayıllı rayonunun Bəhliyan kəndi yaxınlığında baş vermiş yanğının yayılmasının qarşısı alınıb və hazırda yanğının söndürülməsi əməliyyatı davam etdirilir.
Yanğınlarla mübarizə əməliyyatında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzi və Aviasiya dəstəsinin ümumilikdə 430 nəfərə yaxın şəxsi heyəti və 21 ədəd texnikası, o cümlədən 3 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli kənd sakinləri iştirak edir.
Qeyd edək ki, bütün göstərilən yanğınlar mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə baş verib.