Zelenski haqqında yuxuya görə üç dəfə cərimələnən rusiyalı yenə saxlanıldı: “Cinayət aləti” müsadirə edildi

Zelenski haqqında yuxuya görə üç dəfə cərimələnən rusiyalı yenə saxlanıldı: “Cinayət aləti” müsadirə edildi

Çitanın (Rusiya) Mərkəzi Dairə Məhkəməsi yerli sakin İvan Losevi Rusiya ordusunu “nüfuzdan salma” cinayət maddəsi ilə təqsirli bilib, ona 120 min rubl (təqribən 2,5 min manat) cərimə kəsib.

Bu barədə məhkəmənin Mətbuat Xidməti xəbər verib.

Qeyd edək ki, Losev bundan əvvəl eyni maddə ilə üç dəfə cərimələnib. İlk dəfə sosial şəbəkələrdəki paylaşımına görə cərimələnib – o, Ukrayna Prezidenti Volodimir Zelenski haqqında yuxusunu danışıb.

Fevral ayında Losev Rusiya ordusunu “nüfuzdan salma” maddəsi ilə yenidən iki dəfə cərimələnib – Bu dəfə Çita sakini “Dojd” və “BBC News”a verdiyi müsahibədə ilk cərimədən danışdığı üçün.

Losevə qarşı sonuncu cinayət işinin açılmasına səbəb isə onun “Instagram” hesabından Rusiya Silahlı Qüvvələrinin nümayəndələrinin fəaliyyətini gözdən salan paylaşımı olub. Məhkəmənin hansı posta istinad edildiyi bəlli deyil. Yerli media bunun Losevin “Dojd” kanalında canlı yayımda göstərilən və üzərində “Ukraynanı xilas et” sözləri yazılan paylaşımın səbəb ola biləcəyini ehtimal edib.

Məhkəmənin mətbuat xidməti bildirib ki, Losev günahını tam etiraf edib və əməlindən peşman olub, ona görə də onun işinə xüsusi qaydada baxılıb. Əvvəlcə o, 150 min rubl (3,1 min manat) cərimələnib, lakin hakim cəzanı yüngülləşdirib, çünki Losev hökm çıxarılmazdan əvvəl həbsdə olub. Bundan əlavə, məhkəmə Losevin “cinayət aləti” olan “iPhone” telefonunun dövlət xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb.

Mənbə: Meduza

Share: