Zemfira Meftəhəddinova: “Qızımda uğur qazanmaq üçün bütün keyfiyyətlər var”

Zemfira Meftəhəddinova: “Qızımda uğur qazanmaq üçün bütün keyfiyyətlər var”

“Komandamız İslamiadada uğurlu çıxış etdi. Medal sıralamasında 56 ölkə arasında 4-cü yeri tutduq. Güclü rəqiblərə baxmayaraq, yaxşı nəticələr əldə etdik”.

Bunu “Report”a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftəhəddinova Azərbaycan idmançılarının Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.

Stend atıcılığı üzrə 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qızıl medalçısı atıcıların qazandığı nəticələrdən razı qaldığını bildirib: “Qarışıq komanda yarışında qızıl, fərdi mübarizədə isə gümüş medal əldə etdik. Atıcılar çox gözəl yarışdılar. Hamını təbrik edirəm. Şadam ki, belə güclü komandamız var”.

O, qızı Rigina Meftəhəddinovanın çıxışına da toxunub: “Pis təsir bağışlamadı. Amma yer tutmadı. Bu, idmandır. Onda nəticə qazanmaq üçün bütün lazımi keyfiyyətlər var. Yaşı da az deyil. Yəqin, nəticə göstərməyi çox istədi, buna görə alınmadı. Burada psixoloji amil də var. Hamı olimpiya çempionu ola bilməz. Bütün idmançılarımızın uğur qazanmasını istəyirəm. Çünki çox əziyyət çəkirlər. Həm dövlət, həm də federasiyalar onlara xeyli diqqət və qayğı göstərir.

İnanıram ki, gələcəkdə uğurlarımız bol olacaq. Hamımız Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşırıq. Ümid edirik ki, həmin yarışdan sonra da onları bu cür təntənəli qarşılayacağıq”.
Meftəhəddinova atıcıları qarşıda Avropa və dünya çempionatı kimi nüfuzlu yarışların gözlədiyini xatırladıb: “Buradan dərhal qitə çempionatına yollanacaqlar. Stend atıcılarımız avqustun 21-də Kiprə, güllə atıcılarımız isə avqustun sonunda Polşaya yollanacaq. İlin axırında isə dünya çempionatı var. Qrafikimiz sıxdır”.

MOK rəsmisi hazırda yığmalarda güllə ilə bağlı problemin olmadığını söyləyib: “Bizim uğur qazanmaq üçün gücümüz və imkanlarımız var. Güllə problemi aradan qalxıb. Bunları İtaliya və Almaniyadan alırıq. Çox keyfiyyətli güllələr gətiririk. Hazırda ciddi problemlər yoxdur. Xırda nələrsə ola bilər. Amma silah, güllə və məşqlərlə bağlı çatışmazlıq yoxdur. Xalqımız, Prezidentimiz qarşıdakı olimpiadada idmançılarımızdan medallar gözləyir”.

O, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərovun karyerasını bitirmədiyini vurğulayıb: “Stend atıcılığı üzrə komandanın rəhbəridir. Məşqçi kimi fəaliyyət göstərir. İdmançı kimi də öz sözünü demək istəyir. Potensialı da var. Bu komandanın üstündə əziyyəti çox böyükdür”.

 

Share: