Zemfira Meftahətdinova təqaüdə göndərildi

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova işdən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, polis polkovniki Z.Meftahətdinova xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

O, 2015-ci ildən DİN-in İdman Cəmiyyətinin rəisi idi.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 1991-2014-cü illərdə stend atıcısı kimi Azərbaycan yığmasının heyətində çıxış edən Zemfira xanım 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 5 qat Avropa, 2 qat dünya çempionudur. Beynəlxalq dərəcəli idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. “Tərəqqi” və  “Vətən uğrunda” medalları və “Şöhrət” ordeni ilə təltif edilib. Karyerasını başa vurandan sonra daxili işlər orqanlarında vəzifəyə təyin edilmişdi.

Amin Nəzərli



Share: