Zeynəb Xanlarovanın bacısı oğlu axtarışa verildi – Saxta sənəd dələduzluğu

Zeynəb Xanlarovanın bacısı oğlu axtarışa verildi – Saxta sənəd dələduzluğu

Türkan qəsəbəsinin icra nümayəndəsi Rahil Babayev və qəsəbədə makler kimi tanınan Çingiz Xeyrəli oğlu Səfərov həbs olunub.

Müstəqil.Az bildirir ki, bu haqda “Yeni Müsavat”a Türkan qəsəbə sakini Əzizəxanım Atayeva məlumat verib.

Onu dediyinə görə, hər iki şəxs onu və yaxın qohumu Xumara Şabanovanın torpaq sahələrini saxta sənədlər düzəltməklə ələ keçirməkdə ittiham olunur: “Hazırda bu işlərin başında dayanan Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovu da polislər axtarır. Qulağımıza gəlib çatır ki, Daşqının yerini kənddə bilənlər var. Sadəcə, onu tutmurlar. Hərə bir söz deyir, Daşqın da ortalıqda yoxdur. Əvvəl dedilər ki, guya koronaya tutulub. Sonra da dedilər ki, xəstə olması haqda arayışı da saxtadır. Bu işlərin başında dayanan Daşqındır. Onun bizim torpaqların ələ keçirilməsində rolu böyükdür. Bunu hamı bilir. Gəlsin cavab versin. Qaçıb gizlənməsin”.
Bakının Türkan qəsəbəsində vətəndaşların torpaq sahələrini saxta sənədlər düzəltməklə, torpaq sahiblərini sənəd üzərində “öldürməklə” cinayət törədən torpaq mafiyasının varlığı haqda yazmışdıq. İlkin olaraq Xəzər Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlansa da, sonradan zərərçəkənlər 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın əsaslı etirazlarına görə cinayət işi Baş Prokurorluğa götürüldü. Oradan isə işin araşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı Baş İdarəsinə həvalə olunub. Hazırda istintaq davam edir. Üzə çıxan faktlar onu deməyə əsas verir ki, ortada çoxsaylı belə cinayət əməlləri var.
“Yeni Müsavat”a daxil olan məlumata görə, istintaqçılar eks-deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və Çingiz Xeyrəli oğlu Səfərovun adlarına bağlı daha 3 cinayətin izinə düşə biliblər. Məlum olub ki, Əzizəxanım Atayevanın, Xumarə Şabanovanın mülkiyyətlərində olan torpaq sahələri kimi Fazil Məhərrəm oğlu Dadaşovun, Xumarə Məmmədovanın, Faiq Böyükağa oğlu Hüseynovun torpaq sahələri də böyük saxtakarlıqlar edilməklə ələ keçirilib. Hər 3 şəxsin torpaq sahəsi Daşqın Nəsirov tərəfindən satılıb.
Daşqın Nəsirov adıçəkilən şəxslərin torpaqlarını Qərib İmamverdi oğlu Nadirovun, Zülalə Baba qızı Cəfərovanın, Aysel Riza qızı Cəfərovanın, Niftulla Həsən oğlu Əliyevin adlarına keçirməklə saxta yolla ələ keçirib və satıb. İstintaqa daha bir neçə Türkan sakinin müraciət etdiyi xəbəri də var. Türkanda baş verən cinayətin mahiyyəti budur ki, 91 yaşlı Xumara Şabanovanın və 81 yaşlı Əzizəxanım Atayevanın ailə tərkibləri haqda saxta arayış hazırlanıb. Həmin arayışlarda hər 2 qadının ailə tərkibləri haqda məlumatlar saxtalaşdırılıb. İlk baxışdan mənasız görünən bu saxtalaşdırma çox böyük cinayətlərə, qrup şəklində dələduzluqlara yol açıb.
Daşqın Nəsirov
Belə ki, qadınlara saxta “ölüm kağızı” verildikdən sonra onlara məxsus olan və Türkan qəsəbəsinin perspektivli dənizkənarı hissəsində yerləşən bağ torpaq sahələri ələ keçirilib və fantastik qiymətə satılıb, özgəninkiləşdirilib. Cinayətin baş tutması üçün hər iki qadın ölmüş elan olunub! Hazırda həyatda olan Xumara Şabanovanın və Əzizəxanım Atayevanın əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var! Bəli, məhz belədir, adamlar həyatdadır, amma rəsmi olaraq “dünyadan köçüblər”.
Daşqın Nəsirovun, Çingiz Səfərovun və torpaqları ələ keçirən dəstənin digər üzvlərinin əməlləri nəticəsində çoxuşaqlı ailənin başçısı olan Əzizəxanım Atayevanın xəbəri olmadan onlara məxsus bağ-torpaq sahəsi özgəninkiləşdirilib. Eyni sxem üzrə 90 yaşlı Xumara Şabanovanın da həyat yoldaşının adına olan bağ-torpaq sahəsi ələ keçirilərək satılıb. Yaxşı düşünülmüş bu cinayət sxemi üzrə Türkan qəsəbəsində 10-a yaxın bağ-torpaq sahəsinin ələ keçirilməsi haqda iddialar var. İstintaqın gedişatında bu sayaq bütün cinayətlərin üzə çıxacağı istisna olunmur. Bağ-torpaq sahələrinin bu şəkildə ələ keçirilib satılmasında Daşqın Nəsirovun xüsusi rolunun olması iddiası var. Baş Prokurorluqda Vətən müharibəsindən əvvəl ahıl qadınlara bildirmişdilər ki, tezliklə cinayətkarlara cəza veriləcək.
“Yeni Müsavat”
Share: