Zirvədə sadəlik dastan

Zirvədə sadəlik dastan

Görkəmli diplomat Hafiz Paşayevin yubileyində düşüncələr

“Yazıçılardan kimsə demişdir ki, yazmaq məcburiyyətini hiss etməyən yazmamalıdır. Mən də həmişə bu fikirdə olmuşam ki, oxucuya çatdırılası mövzunun həqiqi dəyərinə güclü inamın yoxdursa, gərək yazmayasan”.

Bu sətirlər böyük ədəbiyyatşünas alim, sözə sığal çəkməyin örnəyini yaratmış yazıçı Mir Cəlal Paşayev ocağından köz götürmüş mahir diplomat Hafiz Paşayevin “Bir səfirin manifesti” əsərinin ilk cümlələrindəndir. Diplomat düşüncəsinin bədii təcəssümü  görünür.

“Gözəl əsərlər yazan sənətkarın qələmi əsgi rəsm və ya ayindən yeni bir fəth yaratmazsa, keçmişlərdən kim bir nişan və xəbər verə bilər? Və kim gələcək nəslə yadigar olaraq bir töhfə qoya bilər?” Bunu da böyük alım, filosof, şair, məramı vətənə və xalqa təmənnasız xidmət olan Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində yazırdı.

Hafiz Paşayevin “Tarixi şəxsiyyətin tarixi” monoqrafiyasındakı redaktor qeydlərinə nəzər salanda “Ən azından Əlimərdan bəylə tarix canlı bir tarixdir, milli dirilik fəlsəfəsini özündə yaşadan bir tarixdir” deyimi mənəvi-ictimai, məzmun yükünə görə maraq doğurur.

Və bir də İtaliya yazıçısı, dünya şöhrətli Umberto Eko yazırdı: “İstedadla yazılmış mətnlər tarixin gedişatına təsir göstərə bilər”.

Bu faktları sadalamaqla oxuduğum kitabların siyahısını göstərmək niyyətində deyiləm. Kitab rəfimdə hər zaman Bakıxanova, Topçubaşova və Hafiz Paşayeva aid  olan kitabların yanaşı dumasının fərqinə vardım. Nə gizlədim, mən bir az mistikaya inanan adamam. Düşünürəm ki, təsadüf heç nə olmur. Müəllif və qəhrəmanları milli təəssübkeşlik təşnəsi, maarifçilik ideyaları, vətəndaş mövqeyi, tarixi hadisələrə təkcə xronoloji deyil, həm də sosial, siyasi-fəlsəfi baxış bucağı, xalq qarşısında müqəddəs missiya və tale birləşdirir.

Bakıxanov imperiya qəribliyinin siyasi üşürgəliyində millətinə olan sevgisi, qəlbinin həniri ilə qızınırdı.

Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cumhuriyyətinin ilk diplomatlarındandı. Versal Sülh Konfransında Ali Şura tərəfindən Azərbaycan dövlətinin de-fakto tanınması onun yuxusuz gecələrinin, gərgin görüşlərinin sayəsində gerçəkləşdi. Və Əlimərdan bəy ABŞ prezidenti Vudro Vilsonla görüşmüş ilk azərbaycanlı idi.

Hafiz Paşayev 70 ildən sonra müstəqilliyinə qovuşmuş Azərbaycanın supergüc dövlətdə fəaliyyətə başlamış və bu ölkənin dövlət başçısı ilə görüşmüş ilk səfiri oldu. Ən çətin günlərdə, informasiya boşluğu dövründə, Amerika ictimaiyyətinin Azərbaycanın harada yerləşdiyini belə, bilmədiyi zamanda Hafiz müəllimin də taleyinə eynən Topçubaşovun keçdiyi məşəqqətli dolanbaclardakı əzablara qatlaşmaq qisməti düşdü.

“. . . Bu suallara birmənalı cavab vermək qeyri-mümkün idi. İlk aldığımız cavablar isə məntiqin çərçivəsinə sığmırdı. Əlbəttə, çox asanlıqla hissiyata qapılmaq olardı. Amma diplomatiya hissiyyat meydanı ola bilərdimi?! Gecələr yuxumu ərşə çəkən suallara verməli olduğum cavablar mənim hisslərimlə deyil, təmsil etdiyim millətin maraqları ilə uyğunlaşmalı idi. ABŞ Azərbaycanın müstəqilliyini rəsmən tanısa da, bu rəsmi bəyannamənin geopolitik səhnədə gerçəkləşməsinə aparan yol hələ uzaq idi. Bu fövqəldövlətin sözün həqiqi mənasında siyasi dəstəyinə nail olmaq Azərbaycan diplomatiyasının ən böyük prioritetlərindən biri idi . . .”

   (“Bir səfirin manifesti “ kitabından)

Hafiz Paşayev gərəkən prioritetlərin fəthi yolunda bütün əziyyət və zillətlərə tab gətirdi. İdrakını, təxəyyülünü, siyasi iradəsini və qətiyyətini, dövlətçilik təfəkkürünü milli canyanğısıyla ikitərəfli münasibətlərin tənzimlənməsinə yönəltdi. Gərgin görüşlər keçirtdi, kreativ ideyaların reallaşması uğrunda  təbliğatın səmərəliliyi ilə maraqları çəkdi. Sokrat deyirdi: “Danış ki, səni görə bilim” Hafiz Paşayev yorulmadan, usanmadan, milli məfkurə işığına yol getdi. Danışdı, danışdıqca inandırdı. Həqiqətin özünə tapındı, həqiqətin özünü bəyan etdi, gerçəyi açıqladı. Ona qulaq asdılar, onu gördülər, onun timsalında Azərbaycan həqiqətini anladılar. Onun şəxsində Azərbaycana inam yarandı. O danışdıqca, Azərbaycanı gördülər, Azərbaycan ziyalısını tanıdılar.

“Hər kəs diplomatiyanın şərəfli bir iş olduğuna şübhə etmir. Çoxları bu işin əsasən, təmtəraqdan-ziyafətlərdən, yüksək səviyyəli görüşlərdən, və sairədən ibarət olduğunu düşünür. Bəzilərinə isə diplomatiyanı sıfırdan yaratmaq möcüzə kimi görünür. Sıfırdan yaranan diplomatiyada təmtəraq az olur. Belə bir diplomatiyanın bünövrəsini inam və etiqad təşkil edir. Onun binasını isə hadisələrin gedişatı tikir”.

 (“Bir səfirin manifesti” kitabından.)

Doğrudan da, siyasi qasırğaların tüğyan etdiyi bir dövrdə təmiz ağ vərəqlər üzərində milli mənafeyə yönəlik, eyni zamanda beynəlxalq münasibətlərin tənzimlənməsinə xələl gətirməyəcək və siyasi məsuliyyət daşıyacaq diplomatiya tarixini yazmaq şərəfli, şərəfli olduğu qədər də məsuliyyətli idi. Bu sınaq və mücadilə meydanında Hafiz Paşayevin ən güclü silahı təmkin və məntiq oldu.

“Amerika Birləşmiş Ştatlarında səfir kimi keçirdiyim 13 illik yola nəzər salaraq deyə bilərəm ki, bu müddət ərzində ABŞ-Azərbaycan münasibətlərinin yaxınlaşdırılması üçün xeyli iş görülmüşdür. Bu illər ərzində Azərbaycan üçün sözün geniş mənasında “Səfir” olmaq mənim əsas məqsədim idi. Başqa sözlə, məqsədim tək dövlətimi təmsil etmək yox, həmçinin, xalqımın həyatının bütün sahələri ilə bağlı ümidlərini, meyllərini, arzularını və narahatçılıqlarını amerikalılara çatdırmaq olub. Bu, konqresmen və senatorlara ölkəmizin vacibliyi barədə gündəlik qısa məlumat vermək və Azadlığı Müdafiə Aktının 907-ci Bölməsinə yenidən baxılmasının nə üçün önəmli olduğunu onlara çatdırmaqla yanaşı, Azərbaycan mədəniyyəti, tarixi və irsini də əks etdirmək demək idi”.

 (“Bir səfirin manifesti “ kitabından)

“Bir il sonrasını düşünürsənsə, toxum ək, on il sonrasını düşündüyündə ağac ək, əgər yüz il sonrasını düşünsən, onda xalqı öyrət”

(Konfutsi.)

“Kitabda rastlaşdığım bir məsələ xüsusi olaraq diqqətimi cəlb etdi. Bu, 1901-ci ildə Bakıda qızlar məktəbinin açılması ilə bağlı məsələ idi. Qeyd edilirdi ki, Bakıda açılan ilk rus-müsəlman qız məktəbi Hacı Zeynalabdin Tağıyevin banka qoyduğu 125 min manat həcmdə toxunulmaz kapitaldan gələn faizlər hesabına fəaliyyət göstərəcək. Məsələ burasındadır ki, yüz il sonra biz də Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətini eyni prinsip əsasında qurmuşduq və elə bilirdik ki, bu işin bünövrəsini qoyuruq. Lakin Topçubaşov haqqında yazılmış bu kitabı oxuyanda gördüm ki, bu maraqlı ənənənin əsası ölkəmizdə yüz on il bundan əvvəl qoyulmuş və qızlar məktəbinin himayədarlar şurasının üzvü kimi Topçubaşov da onun təşəbbüsçülərindən biri olmuşdur. Əgər 110 il bundan əvvəl Bakıda etibarlı maliyyə təminatı əsasında təhsil ocağı açılıbsa, bu hadisə, şübhəsiz ki, bir əsrin zaman məsafəsindən qürur mənbəyimizə çevrilə bilər”.

Hafiz Paşayevin redaktor qeydlərindən:

2006-cı ilin martında Azərbaycan Diplomatik Akademiyası təsis ediləndə bəlkə də bəziləri buranın sıradan bir təhsil ocağı olacağını düşünürdü. Fəqət, genetik diktə, qan yaddaşı, şəcərə işığı burada daha çox söz deyirdi. Mir Cəlalın gənc nəslə verdiyi əlahiddə dəstəyi tarix yenidən təkrarlayırdı. Az sonra Azərbaycan Diplomatik Akademiyasının – ADA-nın elm və təhsil dəryasında gələcəyin ümid mayaklarının görsəndiyi bir adaya çevrildiyini hər kəs gördü.

Mənbələrə görə dünyada ilk universitet əslində, 12-ci əsrdə Londonda deyil, 960-cı ildə Qahirədə,müsəlman ölkəsində açılıb. Bu fakti ilk dəfə öyrənəndə bir müsəlman olaraq çox duyğulandım.

…Və bu gün canlı şahidəm: dünyanın müxtəlif ölkələrindən, Qərbdən, Avropadan, MDB məkanından onlarla gənc Bakıya – “ADA” Universitetinə təhsil dalınca gəlir. ADA-nın diplomu beynəlxalq aləmdə tanınır – bu faktdan da bir müsəlman və türk olaraq qürur duymuşam.

ADA Universiteti giriş qapısından münasibəti bəlli edir: estetik görünüşü, qeyri-adi dizaynı, mühafizə xidməti əməkdaşlarının nümunəvi davranışları ilə. Audotoriyaların texniki imkanlarına görə binaya “ağıllı bina” deyilir. Kampusda hər tərəf göz oxşayır. Burada sərbəstlik, azad davranış tərzi hakimdir. Tələbə haqqının tapdanması, tələbə hüququnun pozulması kimi təyinatlar bu şəhərcikdə heç anlaşılmaz. Təşəbbüs, kreativ ideya – ən çox önəm verilən, sevilən və gerçəkləşmə məqamına əngəlsiz yönləndirilən məfhumdur. Tələbənin düşüncəsi, ortaya qoyduğu layihə heç bir bürokratik əngəllə rastlaşmadan müvafiq departamentlər tərəfindən qəbul edilir. Müxtəlif dillərdə kitabların yer aldığı zəngin kitabxana, musiqi otağı, rəsm otağı, futbol meydançası, yeməkxana tələbələrin ixtiyarındadır. Rəhbər heyətin iş otaqlarının şüşə örtüklərdən olması “heç kəsdən gizlənmirik, özümüzü başqalarından fərqləndirmirik, fəaliyyətimiz şəffafdır” yozumunu, əslində Hafiz Paşayev təfəkkür tərzini simvolizə edir. Dəfələrlə ADA-da reallaşan xeyriyyə tədbirlərində toplanan vəsait fiziki cəhətdən qüsurlu uşaqların müalicəsinə yönəlib. Burada təhsil alan tələbələrin nəzərində insanlar arasında sosial fərqlər yoxdur, ümumi insan anlayışı, insanlıq fəlsəfəsi var. ADA-nın başlıca tədris hədəfi – insanlıq fəlsəfəsidir.

Universitet 4 dəyəri özündə ehtiva edir.

Bu beynəlxalq təhsil ocağında bəşəri dəyərlər aşılanır, milli elmi potensial beynəlxalq müstəviyə yönəlik cilalanıb istiqamətləndirilir. Qlobal Liderlik təlqin olunur.

Universitet mükəmməl, uğurlu təhsil formulasını – innovativ təhsili təmin edir. İctimai məsuliyyətin və məsuliyyətli vətəndaşlığın konsepsiyasını öyrədir. Daima inkişafa sövq edir.

“Biz avropalıların ədəbiyyatlarına, sənayesinə, elm və maarifətinə, ixtiralarına müraciət etmək istiyoruz, özlərinə deyil. Biz istərdik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın”.

                                      Əli bəy Hüseyzadə.

Hər kəsi heyrətləndirən qeyri-adi təhsil ocağının – alayı dünyanın uğurları, şəksiz, Hafiz Paşayevin işıqlı sabahımıza yönəlik strateji düşüncələrinin barıdır.

“Düzgün fikir, düzgün söz, düzgün əməl”

  ( Zərdüşt)

Hafiz Paşayevin həyat tərzinin simvolu düzgünlükdür. Düşündüyünü söyləyir. Sözünü əməldə gerçəkləşdirdi.

Sakit yerişi, həlim danışıq tərzı, mehriban çöhrəsi, diplomatik təbəssümü, səbr və təmkin dolu davranışı, xüsusi dinləmək bacarığı, hadisələrə alicənab və müdrik yanaşması, şablondankənar düşüncəsi ilə seçilən bu kamil insanın portret cizgilərində həm də hər kəsin ruhuna doğma, simsar bir çalar var. İlk dəfə onu görən adam belə “sanki ruhumun, qan yaddaşımın əziz giramisidir və mən onu min ildir tanıyıram” ovqatından ayrıla bilmir. Daxili mədəniyyətin zənginliyi, könül evindəki duyğusallıq, insanpırvərliyi Hafiz Paşayev obrazının parlaq rəngləridir. Fəaliyyəti boyunca Hafiz Paşayev çətin işlərə sinə gərib. Bakı Dövlət Universitetinin fizika fakultəsini bitirdikdən sonra Moskva Atom Enerjisi İnstitutunda aspirant olub. 1975-76-cı illərdə Kaliforniya Universitetində tədqiqatlar aparıb. 1984-cü ildə doktorluq dissertasiyasını tamamlayıb. Fizika İnstitutunda işləyib. 1993-cı ilə qədər müstəqil Azərbaycan Respublikasının ABŞ-da ilk səfiri missiyasının öhdəsindən layiqincə gəlib. 2006-cı ilin martından Xarici İşlər Nazirinin müavini olmaqla bərabər Azərbaycan Diplomatik Akademiyasının təməl daşını qoyub.

Nə qədər çətin sahələrdə çalışsa da, onunla söhbət etmək çox rahatdır. O, narahat yolların nagahan əziyyətlərini çəkib başqalarına  rahatlıq bəxş edən adamdı: bu, Hafiz Paşayev ömür yolunun leytmotividir.

ADA beynəlmiləl təhsil ocağıdır. Dünyanın hər yerindən  müəllim və tələbələr ADA-ya üz tuturlar. Onlar bizim tariximiz,mədəniyyətimiz, folklorumuz, mətbəximiz barədə yetərincə bilgiyə sahiblənirlər. Tədbirlərdə Azərbaycan Himnini dinləyirlər, əzəmətlə dalğalanan Azərbaycan Bayrağının önündən keçirlər. Elə bunlar ən yaxşı təbliğat metodu deyilmi?! Elə bunlar yenə də səfirlik fəaliyyəti, diplomatiya deyilmi?!

Hafiz Paşayev hər zaman millətinin varlığını dünyaya tanıdan milli mücadilə və məfkurə qəhrəmanıdır. O, köksün altında ürək yerinə Azərbaycan Bayrağını çırpındıran vətənpərvərlərimizdəndir.

Hafiz Paşayevin həyat və fəaliyyəti zirvədə sadəlik dastanıdır.

Təvəllüd bayramınız mübarək, Hafiz müəllim!

Hafiz İmamnəzərli

Share: