Ziya Məmmədovun müşavirinin üç vedrə qızıl işi: Əhmədov intihara cəhd etdi

Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevin şikayəti əsasında bir ildən çox həbsdə qalan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2017-ci il tarixli hökmü ilə barəat alan və məhkəmə zalından azadlığa buraxılan Rövşən Əhmədov dünən gecə saatlarında intihara cəhd edib.

Bu barədə virtualaz.org saytına R.Əhmədovun ailə üzvləri məlumat verib.

“Rövşən intihar edəcəyini deyirdi. Elə cibindən tapılan məktubda da belə yazıb. Yazıb ki, təzədən şərlənib həbsxanaya getməkdənsə, ölsəm yaxşıdır. Gecə çoxlu həblər içib. Təcili yardımla xəstəxanaya güclə çatdırdıq. Hazırda vəziyyəti ağırdır. Çingiz hər yerdə deyirmiş ki, Rövşəni həbsxanaya saldırandan sonra Azərbaycandan birdəfəlik gedəcək. Baxsın, görsün ki, adamı nüfuzdan salmaq necə olur”, – R.Əhmədovun ailə üzvləri bildirib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən virtualaz.org saytına bildirilib ki, 59 yaşlı R.Əhmədov gecə saat 01:07 radələrində ağır dərman zəhərlənməsi ilə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Respublika Toksikologiya Mərkəzindən virtualaz.org saytına verilən məlumata görə, R.Əhmədov hazırda komadadır: “Güclü antidepresant həbləri – amitriptilin içib. Vəziyyəti ağırdır”.

Qeyd edək ki, bəraət alaraq azadlığa çıxan R.Əhmədovun barəsindəki hökmdən zərərçəkmiş tərəf apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə altı aydan bəri davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Ötən məhkəmə iclasında dövlət ittihamçısı R.Əhmədov barəsindəki bəraət hökmünün ləğv olunmasını və onun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilib. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşıyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunub.

İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl monetləri ələ keçirib.

Ç.Baxşıyevin adı mətbuata evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanan məmur kimi gəlib. Sabiq müşavir bu oğurluqda qohumu Rövşən Əhmədovu günahlandırıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra R.Əhmədovu həbs ediblər.

Müstəqil.Az

Share: