“Ziyadar” Mükafatı…

“Ziyadar” Mükafatı…

İlqar İsmayılzadə

Baharın astanasında Ulu Tanrı elm sahəsində daha bir uğuru mənə nəsib etdi. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə 2021-ci ildə nəfis şəkildə nəşr edilmiş “Quran və dini plüralizm” adlı elmi əsərim bu gün (15.03.2023) “Yazarlar” Jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülmüş, bununla bağlı “Ziyadar” Diplomu, Müstəqil Yazarlar Konfedrasiyası “Yazarlar” Jurnalı “Ziyadar” mükafatı laureatının xüsusi vəsiqəsi və nişanı təqdim edilmişdir.

Məlumat üçün qeyd edim ki, “Quran və dini plüralizm” adlı əsərim əslində 2013-cü ildə ölkə xaricində ilahiyyat elmləri üzrə təhsil aldığım doktorantura pilləsində fars dilində yazıb uğurla müdafiə etdiyim təxminən 500 A4 səhifəlik elmi dissertasiyamın doğma dilimizə qısaldılmış variantı və tərcüməsidir. Sözün həqiqi mənasında “Quran və dini plüralizm” əsərimi önəmli sayıram. Çünki Odlar Yurdu Azərbaycan məkanında bu mövzu ilə bağlı uyğun metod əsasında ərsəyə gəlmiş ilk elmi əsərdir.
60×90 1/16 formatlı kağız üzərində 260 səhifədə və 3000 tirajla nəşr edilmiş bu elmi əsər Ön söz və aşağıda göstərilən doqquz fəsildə oxuculara təqdim edilmişdir:
Birinci fəsil: Əsas terminlərin izahı;
İkinci fəsil: Quranda doğruluq plüralizmi;
Üçünücü fəsil: Doğruluq plüralizminin təsdiqi ilə bağlı istinad edilən Quran ayələrinin araşdırılması;
Dördüncü fəsil: Quranda qurtuluş plüralizmi;
Beşinci fəsil: İslam və tolerantlıq;
Altıncı fəsil: Multikulturalizm və tolerantlıq tələbləri;
Yeddinci fəsil: Fərqli fikirlərə yanaşma tərzi;
Səkkizinci fəsil: İslamda küfr anlayışı;
Doqquzuncu fəsil: Qeyri-müsəlmanların zatən paklığı məsələsi…

Elmi əsərdə təqdim edilən mövzular Quran və Sünnə baxımından ilk dəfə olaraq geniş, həm də müqayisəli (Əhli-beyt və Əhli-sünnə məzhəbləri baxımından) tədqiq edilmiş, dini plüralizm məsələsi Quranın çoxsaylı ayələri əsasında araşdırılmışdır. Halbuki indiyədək həmin mövzular ölkəmizdə belə bir səviyyədə ətraflı tərzdə araşdırılmamışdır. Hətta, onun müqayisəli şəkildə araşdırılması doktorantura üzrə ali təhsil aldığım İranda da dissertasiyamı müdafiə etdiyim 2013-cü ilə kimi uyğun mövzuda ilk addım sayılmışdır. Qeyd etmək lazımdır ki, əsərdə çoxsaylı (114) təfsir, hədis, kəlam, fəlsəfi, icitimai, Quran elmləri, tarix, fiqh və lüğət məxəzlərindən, eləcə də bir sıra qəzet və jurnallardan bir-başa istifadə edilmişdir.

Mən bu əsərin belə gözəl və nəfis şəkildə nəşrindən ötrü vaxtında DQİDK-nin sədri hörmətli Mübariz Qurbanlıya, həmçinin, MDTF-nun icraçı direktoru hörmətli Mehman İsmayılova səmimi minnətdarlığımı bildirmişəm. İndi isə bu elmi əsərin dəyərləndirildiyinə görə bir daha Ulu Tanrıya şükür edir, daha sonra Odlar Yurdu Azərbaycanın tanınmış şair-publisisti, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Azərbaycan Respublikası Prezident təqaüdçüsü və “Yazarlar” Jurnalının baş redaktoru hörmətli Zaur Mustafa oğlu Mustafayevə (Zaur Ustac)-a dərin minnətdarlığımı bildirirəm!

“Quran və dini plüralizm” adlı əsərim indiyədək işıq üzü görmüş sayca 35-ci, həm də sonuncu elmi əsərim olsa da, elm sahibləri və həvəskarlarını yaxın zamanlarda yeni elmi əsərlərimlə sevindirəcəyimi Ulu Tanrıdan diləyirəm!

İlqar İsmayılzadə (Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı və “Ziyadar” Mükafatı Laureatı)
[email protected]
15.03.2023

Share: