Zori Balayanın ölüm xəbərinə kədərləndim – Sərdar AMİN yazdı

Zori Balayanın ölüm xəbərinə kədərləndim – Sərdar AMİN yazdı

Ötən gecə erməni yazıçı, irqçi, faşist jurnalist Zori Balayanın ölüm xəbəri yayıldı. Daha sonra aydın oldu ki, məlumat yalandır, 85 yaşlı Zori hələ sağdır. Doğrusu, onun ölüm xəbərini eşidən kimi kədərləndim…

Niyə?

Məlumatı olmayanlar üçün qeyd edim: (Hərçənd Azərbaycanda Zori Balayanı tanımayan kiminsə olduğuna inanmıram) O, Xocalı qətliamının qatillərindəndir, bütün mətnləri irqçi, faşist ideyalarla, türklərə, azərbaycanlara qarşı soyqırımı təkliflərilə zəngindir.

Jurnalistə, yazıçıya nəinki irqçilik, vandallıq, ümumiyyətlə düşmənçilik belə xas xüsusiyyət deyil. Tarixdə vətəndaşlıqdan çıxarılma, kitablarının yandırılması bahasına da olsa, yenə də həqiqəti yazan, faşizmi yayan ölkəsinin deyil, insanın yanında olan Remark var, ideologiyaya yox, əsl sənətə xidmət etdiyi üçün yaşının ahıl çağında Sibirə sürgün olunan Hüseyn Cavid var.

Arsax qəhrəmanı" Zori Balayan da Qarabağdan qaçdı! | "Nuhçıxan" İnformasiya  Agentliyi

Bu adı – yazıçılıq şanını daşıyan şəxslər nəinki faşizmi dəstəkləyib, hətta sənətə azacıq zidd olan ideyalara belə əks gedib, yaxud həmin ideyalara bulaşmasın deyə bir ömür ətəyi əlində, balağı çirməli dolaşıb.

Yazıçı dünyanın ən həssas empatiya hissinə malik sənət sahibi olduğundan, nə etsə də, insan, həqiqət gəlib mətninin ortasında durur. Allahın yazıçılıq istedadını vicdanından qoparıb insana qarşı yönəldənlərin isə cəzası çox ağır olur. Ola bilsin, belə adamlar övlad acısı yaşamır, evi yanmır, dəhşətli bir ölümə tuş gəlmir… Amma o adamların özlərinin qəlbinə son dərəcə əzab gətirəcək bir bəlaya mübtəla olacağına zərrə şübhə etməyin.

Ötən gecə Zori Balayanın ölüm xəbərini eşidəndə həmən-həmən yadıma Azərbaycan ordusunun bu gün keçirəcəyi qələbə paradı düşdü.

İçimdə qərib bir təəssüf hissi boy atdı…

Bir ömür bütün xalqların bədbəxtliyi üzərində “qurulacaq” “böyük ermənistan”dan yazan, barbar düşüncələrlə xalqını zəhərləyən, müharibələrə, qətliamlara səbəb olan bir qələm adamının ən böyük cəzası düşmən bildiyi ölkənin qələbə paradını izləmək olar.

İzlə, Zori!

Sənin xəstə ideyalarının üstündən xətt çəkən o gənclər bayram edir.

Öz başında partlatdığın bombaların, silahların paradda keçidinə bax, sonra rahat ölərsən.

Share: